Gəncə Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru Yusif Yusibov, ATU-nun rektoru Yaşar Ömərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ulu Öndərin zəngin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Niyazi Bayramov bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 İyun təkcə təqvim bayramı deyil, Azərbaycanın dövlətçilik tarixində mühüm ictimai-siyasi əhəmiyyətə malik gündür. O qeyd edib ki, 1993-cü il iyunun 15-i xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasının başlanğıcı, dövlət müstəqilliyinin, sabitliyin və milli birliyin bərpası ilə yadda qalan tarixi gündür.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov isə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinin taleyüklü siyasi hadisələrindən biridir. O, Ümummilli Liderin “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz” fikirlərini xatırladaraq bildirib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin inkişafını təmin edir.
Çıxış edən digər natiqlər dahi şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafındakı rolundan və ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsindən bəhs ediblər.
Tədbir YAP Gəncə şəhər təşkilatının gənclərindən ibarət rəqs qrupunun və şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin özfəaliyyət kollektivlərinin təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri və rəqs kompozisiyalarından ibarət bədii proqramla davam edib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.