PDF Oxu

Siyasət

  • 668

15 İyun: Azərbaycan dövlətçiliyinin xilası günü

image

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının tarixində Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Tarix göstərir ki, xalq üçün yaşayanlar, qurub-yaradanlar, həyatlarını onun yolunda məşəl kimi yandıranlar ölmürlər, millətlə və xalqla birlikdə əbədi ömür sürürlər. Ulu öndər Heydər Əliyevin ömrü məhz bu cür məşəl kimi yanan həyatın bariz nümunəsi idi. Ulu Öndər həmişə deyirdi ki, milli ruhu və milli varlığı müdafiə, eyni zamanda mühafizə etməyin, milli maraqları gerçəkləşdirməyin ən uğurlu forması müstəqil milli dövlətdir. Odur ki, milli-mənəvi dəyərlərlə yanaşı, milli dövlətçiliyin də qorunmasını, inkişafinı və dünyaya inteqrasiyasını siyasi fəaliyyətinin əsas hədəfləri hesab etmiş, özünün mənalı ömrünü bütünlüklə bu məqsədlərə həsr etmişdir.

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı təcavüzlər, Birinci Qarabağ müharibəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik olan Heydər Əliyevlə bağlı olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ulu Öndərin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə ümummilli lider Heydər Əliyevin xidmətləridir.
Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə ümummilli lider Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür.
Ulu Öndərin vaxtilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.

Bütün bunlarla yanaşı ulu öndərin gənclər siyasəti də gənc nəslin düzgün yetişdirilməsində önəmli yer tutur. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə 2 fevral – Azərbaycan gəncləri günü elan edildi. Mən də müstəqil Azərbaycan Respublikasının gənc bir vətəndaşı olaraq özümü çox xoşbəxt bir gənclərdən hesab edirəm ki, məhz ulu öndər Heydər Əliyevdən biz gənclərə yadigar qalan Azərbaycan Gəncləri Günündə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci il üzrə “İlin Gənci” mükafatına layiq görülmüşəm. Eyni zamanda qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən həyata keçirilən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçısı olmuşam. Mənim həyatımda iştirak etdiyim ən vacib layihələrəndən biri də Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Fondunun həyata keçirdiyi 9-cu Muğam Televiziya Müsabiqəsinin finalçısı olmağımdır. Bütün bunlarla bir gənc olaraq mən böyük qürur hissi duyuram. Çünki uğur qazandığım bu önəmli layihələrin hər birinin adı xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin ad ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmi 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunun "məğlubedilməz mifi" darmadağın oldu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Vətən müharibəsi yalnız torpaqlarımızın azad edilməsi uğrunda döyüşün tarixi deyil, eyni zamanda, 30 illik diplomatiyanın, milli iradənin və dövlətçilik strategiyasının məntiqi nəticəsidir. Bu qələbə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolun, Ali Baş Komandan İlham Əliyevin isə onu müdrikliklə davam etdirdiyi dövlətçilik xəttinin parlaq təntənəsidir.

Yusif Cəfərbəyli

IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı

Digər xəbərlər