Tarixi Zəfərimizin yaratdığı yeni reallıqları yaşayırıq. Şanlı Qələbəmizdən bəhs edərkən hər zaman bu reallıq da xüsusi vurğulanır ki, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Bu baxımdan ki, kimin haqqın, ədalətin, kimin isə təcavüzkarın, şərin yanında olduğu bir daha açıqlandı. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında qardaş Türkiyənin 44 günlük Vətən müharibəsində sonadək mənəvi və siyasi dəstəyi xüsusi qeyd edilir və bildirilir ki, bu dəstək bizə böyük güc verdi. Bu birlik, həmrəylik dünyaya nümunədir.
Dövlət başçısı İlham Əliyevin «Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır» fikri iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin region, dünya üçün əhəmiyyətini açıqlayır. Cənab İlham Əliyev, həmçinin bildirir ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır, yol xəritəsini təqdim edir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilir. 2021-ci ilin 15 İyun-Milli Qurtuluş Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və Prezident İlham Əliyev ilə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması tariximizə əlamətdar bir gün kimi yazıldı. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır. Bu mühüm addım işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. Sənəddə əksini tapan mühüm məsələlərdən biri xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan məsələlər Bəyannamədə öz əksini tapıb. Bunlar hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və sairdir. Ümumilikdə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında bu günədək mövcud olan əməkdaşlığın daha da inkişafına, yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Bu sənəd çoxşaxəli müttəfiqliyin rəmzidir. Şuşa Bəyannaməsində nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri