PDF Oxu

Siyasət

  • 1 327

“Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür” - DEPUTAT DANIŞDI

image

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan şanlı bir tarixdir. Bu gün müstəqil Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilasını, sabitlik və inkişaf yoluna çıxışını ifadə edir”.Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan çox ağır sınaqlarla üzləşmişdi:”Ölkədə siyasi böhran, idarəetmədə xaos, iqtisadi tənəzzül, silahlı qarşıdurmalar və separatçılıq meylləri dövlətçiliyimizi ciddi təhlükə altında qoymuşdu. Vətəndaş müharibəsi təhlükəsinin getdikcə artdığı, torpaqlarımızın işğal olunduğu həmin mürəkkəb dövrdə xalqın yeganə ümidi Ümummilli Lider Heydər Əliyev idi.
Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev misilsiz siyasi uzaqgörənlik, qətiyyət və fədakarlıq nümayiş etdirərək ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkəmizin tarixində yeni mərhələ başlandı. Məhz həmin gündən etibarən dövlətçiliyin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, ictimai-siyasi sabitliyin bərpası və milli birliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkədə sabitlik təmin edildi, nizami ordu quruculuğuna başlanıldı, dövlət idarəetmə sistemi formalaşdırıldı, beynəlxalq əlaqələr genişləndirildi və Azərbaycanın gələcək inkişaf strategiyasının əsasları yaradıldı. Məhz onun uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz möhkəmləndirildi, ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı.
Bu gün qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Qarabağ və Şərqi Zəngəzur azaddır, üçrəngli Dövlət Bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır.
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam təmin edilməsi və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi, onun siyasi irsinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsidir.
Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür. Bu əlamətdar gün bir daha göstərir ki, xalqın taleyi təhlükə qarşısında qaldıqda onu xilas edən güclü liderlik, milli birlik və dövlətə sədaqətdir.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, əmin-amanlıq və yeni uğurlar arzulayıram.
Hesab edirəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük nailiyyətlərə imza atacaq, dövlətimizin qüdrəti və xalqımızın rifahı bundan sonra da yüksələcəkdir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər