PDF Oxu

Siyasət

  • 1 120

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə əlaqələrinin yeni inkişaf mərhələsi

image

2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir tariximizin ən mühüm siyasi hadisələrindən biridir. Milli Qurtuluş Günündə imzalanan bu sənəd iki qardaş dövlət arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək strateji tərəfdaşlığı rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Şuşada imzalanan Bəyannamə təkcə iki dövlət üçün deyil, bütövlükdə regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm geosiyasi sənəd kimi tarixə düşdü.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin hüquqi və siyasi təsdiqi olmaqla yanaşı, bütün dünyaya ünvanlanan mühüm strateji mesajdır. Tarix, mədəniyyət, dil və milli-mənəvi dəyərlərlə bağlı olan iki xalqın münasibətləri bu sənədlə daha da möhkəmləndirildi. İki dövlət arasında əməkdaşlıq ortaq tarixi köklərə, qarşılıqlı etimada və uzunmüddətli strateji hədəflərə əsaslanır. Bəyannamənin Şuşada imzalanması sənədə xüsusi rəmzi məna qazandırdı. Qarabağın mədəniyyət paytaxtında imzalanan bu sənəd Zəfərin siyasi nəticələrinin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilir.Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri ən yüksək səviyyəyə qaldıraraq müttəfiqlik modelini formalaşdırdı. Sənəddə siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, enerji, nəqliyyat, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın əsas prinsipləri müəyyən edilib. Bu sənəd tərəflərin milli maraqlarının müdafiəsində qarşılıqlı dəstək verməsini, beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyət göstərməsini və regional təhlükəsizlik məsələlərində ortaq mövqe nümayiş etdirməsini nəzərdə tutur. Beləliklə, perspektivdə Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətlərin yol xəritəsinə çevrilib.

Bəyannamə siyasi dialoqdan tutmuş iqtisadi inteqrasiyaya, enerji təhlükəsizliyindən nəqliyyat layihələrinə, təhsildən mədəniyyətə qədər geniş sahələri əhatə edir. Bu gün Türkiyə və Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlar kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr regionun enerji xəritəsini dəyişdirmişdir. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın daha da genişləndirilməsinə yeni imkanlar yaradır.
Şuşa Bəyannaməsi regionda sülh, sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Sənəddə əks olunan müddəalar bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin açılması, yeni logistika marşrutlarının yaradılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi regionun gələcək inkişafına mühüm töhfə verir. Bu baxımdan Bəyannamə Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edən mühüm platforma rolunu oynayır.
Şuşa Bəyannaməsi iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişlənməsini nəzərdə tutur. Qarşılıqlı investisiyaların artırılması, sənaye əməkdaşlığının gücləndirilməsi, biznes mühitinin inkişaf etdirilməsi və yeni layihələrin həyata keçirilməsi sənədin əsas istiqamətlərindəndir. Bu əməkdaşlıq yeni iqtisadi münasibətlərin formalaşmasına və azad edilmiş ərazilərin investisiya cəlbediciliyinin yüksəlməsinə səbəb olur. Şuşa və ətraf rayonların turizm potensialının inkişaf etdirilməsi də nəzərdə tutulur. Həmin istiqamətdə reallaşdırılan layihələr bölgənin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradır.
44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqların ən mühüm elementlərindən biri Zəngəzur dəhlizi layihəsidir. Şuşa Bəyannaməsində də əks olunan bu təşəbbüs Türk dünyasının fiziki və iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas hissələrindən biri kimi beynəlxalq ticarət imkanlarını genişləndirəcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi və digər nəqliyyat təşəbbüsləri regionun tranzit potensialını artıracaq, beynəlxalq yükdaşımaların həcmini yüksəldəcək və iqtisadi əməkdaşlığa yeni dinamika qazandıracaq.
Bəyannamədə xarici siyasət sahəsində əməkdaşlıq mühüm önəm kəsb edir, tərəflər beynəlxalq münasibətlər sistemində qarşılıqlı dəstəyin vacibliyini vurğulayır, regional və qlobal məsələlərdə koordinasiyalı fəaliyyət göstərmək niyyətini bəyan edirlər. Bu yanaşma beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqların müdafiəsinə, regional təhlükəsizliyin möhkəmləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinin qorunmasına xidmət edir. Hər iki dövlət müstəqil xarici siyasət yürütməklə yanaşı, ümumi maraqlar naminə uğurla fəaliyyət göstərirlər.
Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Sənəd iki dövlətin təhlükəsizliyinə təhdid yarandığı halda qarşılıqlı dəstəyin göstərilməsini nəzərdə tutur. Müdafiə sənayesi, hərbi təhsil, birgə təlimlər, müasir texnologiyaların tətbiqi və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması istiqamətində əməkdaşlıq daha da genişlənir. Bu sahədə əldə olunan nəticələr regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verir.
Şuşa Bəyannaməsi, eyni zamanda regionda sabitliyi pozmağa çalışan revanşist dairələrə açıq siyasi mesajdır. İki qardaş dövlət öz suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin qorunması məsələsində vahid mövqedən çıxış edir. Bu amil bölgədə yeni münaqişə risklərinin qarşısının alınmasına, sülh və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edir.
Bəyannamədə diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və media sahəsində əməkdaşlığın gücləndirilməsi də xüsusi yer tutur. Xaricdə yaşayan türk və azərbaycanlı icmaların birgə fəaliyyət göstərməsi, beynəlxalq informasiya məkanında ortaq maraqların müdafiə olunması və diplomatik təşəbbüslərin koordinasiyası bu qardaş dövlətlərin potensialını daha da artırır.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra Şuşa şəhəri mühüm beynəlxalq siyasi dialoq məkanına çevrilmişdir. Hər il iyunun 15-də keçirilən konfranslar Türk dünyasının inteqrasiyası, regional təhlükəsizlik, qlobal çağırışlar və yeni dünya düzəni ilə bağlı aktual məsələlərin müzakirə olunduğu nüfuzlu platforma kimi çıxış edir.
Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında münasibətlərin zirvə nöqtəsini ifadə edən tarixi sənəddir. Bu sənəd regionun gələcək geosiyasi və geoiqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirir. Bəyannamə siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın, hərbi əməkdaşlığın və strateji tərəfdaşlığın ən yüksək nümunəsi olmaqla Türk dünyasının birliyini və gücünü nümayiş etdirir. Şuşada imzalanan bu tarixi sənəd gələcək nəsillər üçün mühüm siyasi irs olmaqla yanaşı, bölgədə sülhün, təhlükəsizliyin və davamlı tərəqqinin təmin edilməsində mühüm rol oynamaqda davam edir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər