PDF Oxu

Siyasət

  • 766

Azərbaycan dövlətçiliyinin XİLASKARI

image

Xalqımızın tarixində müstəsna xidmətləri olan dünya miqyaslı siyasətçi, müstəqil Azərbaycan dövlətinin banisi, Xilaskarı və Qurucusu, Ümumilli Lider Heydər Əliyev siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və xalqımızı gələcəyə aparan yolları, müstəqil dövlətimizin inkişaf startegiyasını müəyyən etmişdir. Azərbaycan tarixində, xalqın yaddaşında Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin memarı və qurucusu olaraq qalıb və qalacaq. Ümummilli Lider Azərbaycanı vətəndaş müharibəsindən, bir dövlət olaraq varlığını itirmək təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. Xalqın yekdil rəyi və istəyi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ölkəni düşdüyü böhrandan çıxararaq, xalqı təhlükədən, Azərbaycanı parçalanmaq, məhv olmaqdan xilas etdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Ümummilli Lider Heydər Əliyevə bağlamışdı. Siyasi hakimiyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdir. Ulu Öndər ziyalıların müraciətinə cavabında bildirmişdir ki, partiyanın yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Beləliklə, təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyası Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində ölkənin avanqard siyasi qüvvəsinə çevrildi. Partiyanın yaradılmasından 7 ay sonra Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla həm ölkəmizin, həm də YAP-ın həyatında yeni mərhələ başladı. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olan 15 iyun 1993-cü il Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü kimi milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biri olaraq tariximizə düşdü. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi oldu. İyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Prezident seçildi. Əlbəttə ki, Azərbaycan xalqının Xilaskarı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünki əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı. Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etmiş oldu. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Onun xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatların həyata keçirilməsinə nail oldu. Azərbaycanın elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin orada izi olmasın. Özünün dediyi kimi, "Nə qədər Azərbaycan var, mən yaşayacağam. Mən Azərbaycanda əbədi olacağam. Ona görə ki, müstəqil Azərbaycan dövləti əbədi olacaq". İctimai-siyasi həyatın bütün sahələrində qazanılan uğurlar milli tərəqqimizi təmin etməklə yanaşı, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu da artırır, onu dünya birliyinin etibarlı tərəfdaşına çevirib. Bütün bu uğurların mənbəyində Heydər Əliyevin müdrik siyasəti dayanır. Dövlət başçımızın bildirdiyi kimi, bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur.

Ümummilli Lider Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin Prezident lham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi ilə dövlətçiliyin əsasları yaradıldı və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq, gələcək inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalq- iqtidar birliyi ölkənin uğurlarının əsasıdır. 1993-2003-cü illər dirçəliş, inkişaf dövrü kimi tarixə yazıldı. 2003-cü ildən başlanan yol Böyük Yolun davamıdır. Bu gün dünya müasir müstəqil Azərbaycanın tarixi Zəfərinin reallıqlarını qəbul edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi malik olduğumuz imkanları bir daha dünyaya təqdim etdi. Dövlət başçısı İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər ərazilərimizdə dalğalandırdı. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider ərazi bütövlüyümüzün təmin edilməsini əsas hədəf kimi qarşıya qoymuşdur. Onun diplomatik uğurlarımızın təmin edilməsi istiqamətində atdığı addımlar, ordu quruculuğu sahəsində gördüyü işlər 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünkü reallıqların əsasını qoydu. Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözləri artıq hər bir azərbaycanlının milli mənlik şüurunun zirvəsinə çevrilib.

İlkin ABBASOV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini

Digər xəbərlər