PDF Oxu

Siyasət

  • 484

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir

image

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi səviyyəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991–1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə düzgün qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, ən adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi nəticəsində baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o zamankı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş verən proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.
Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol məhz həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini və sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyətinin səsi ilə Prezident seçildi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirildi.
İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşlər keçirildi. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət istiqamətdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti və uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycançılıq ideyası ətrafında birləşdi. Onun müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq və siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş baş verdi, xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edildi.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi olaraq, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması və torpaqlarımızın müdafiəsi istiqamətində mühüm addımlar atıldı, digər tərəfdən isə bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi.
Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu razılaşmadan sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmasına şərait yaradan beynəlxalq müqavilələr və razılaşmalar imzalandı. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edilərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum enerji layihələri kimi qlobal təşəbbüslərin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz və dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin bəhrələridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin hökm sürdüyü bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin və milli qurtuluşumuzun təmin edilməsi deməkdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu və demokratik dövlət kimi görmək istəyirdi. Onun hər addımı və fəaliyyəti məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik və hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı.
Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür. Bu gün Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan və parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa və demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyil, həm də Azərbaycanın bu gününü və sabahını müəyyənləşdirən dönüş nöqtəsidir.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakarlığı onu bütün dünya azərbaycanlılarının liderinə çevirmiş, ömür yolunu isə doğma Vətənə xidmət nümunəsi etmişdir. Bütün həyatını xalqına və dövlətinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi əbədi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin həmin siyasi kursu uğurla davam etdirməsi dayanır. Bu günün prizmasından baxdıqda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən və beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətlərindən birinə çevrilmiş, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atmışdır. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafın şahidi olur. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir və edəcəkdir.
Qarabağ münaqişəsinin həll edilməsi sadə və sıradan bir məsələ deyildi. Bu, uzun illər ərzində siyasi-diplomatik, hərbi-strateji və iqtisadi müstəvilərdə görülən işlərin, uğurlu xarici siyasətin və beynəlxalq fəaliyyətin nəticəsi idi. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini davam etdirərək bu misilsiz nailiyyətə imza atdı, milli qürur və ləyaqətin, tarixi ədalətin bərpasına nail oldu.
Nəticədə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi beynəlxalq qərar və qətnamələrin qəbuluna nail olundu, ölkəmizin mövqeyi daha da möhkəmləndi. Uğurlu informasiya siyasəti sayəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın və erməni lobbisinin ölkəmizə qarşı apardığı qara piar kampaniyaları iflasa uğradıldı. Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələr Azərbaycanın haqq işinin beynəlxalq aləmdə daha geniş dəstək qazanmasına mühüm töhfə verdi.
Azərbaycanın iqtisadi potensialının və hərbi qüdrətinin artırılması, ordu quruculuğunun müasir tələblərə uyğun davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında tarixi qələbə qazandı. Beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalına son qoydu.
31 oktyabr 2003-cü il tarixində keçirilən andiçmə mərasimində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir”, – deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazıldı. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq qələbə qazanmaqla öz gücünü bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Bəli, bu gün müdrik dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ruhu şaddır. Çünki onun vəsiyyəti layiqli davamçısı, siyasi varisi tərəfindən yerinə yetirilmişdir. Azərbaycan Ulu Öndərin arzuladığı, görmək istədiyi kimi qüdrətli, əzəmətli və qalib dövlətdir.


Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər