Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü sadəcə təqvimdəki bir bayram günü deyil. Bu tarix, dövlətçiliyimizin uçurumun kənarından dönərək dirçəliş, inkişaf və ən nəhayət, tarixi qələbə mərhələsinə qədər uzanan şərəfli bir yolun başlanğıcıdır. 1993-cü ilin iyununda Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhran içində çırpınırdı. Ölkədə baş qaldıran daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi və xarici təcavüz müstəqilliyimizi itirmək, dövlət olaraq xəritədən silinmək təhlükəsini reallığa çevirmişdi. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın xilasını şərtləndirdi. 15 iyun tarixi milli dövlətçilik ideologiyasının möhkəm təməllərinin atıldığı gün kimi yaddaşlara həkk olundu. Qurtuluş günü ilə ölkədə xaos və anarxiyaya son qoyuldu, qanunçuluq və sabitlik bərqərar edildi, nizami ordunun qurulması istiqamətində qətiyyətli addımlar atıldı.
Milli Qurtuluş Gününün yaratdığı bu möhkəm təməl Azərbaycanı addım-addım tarixi Qələbəyə aparan yolun başlanğıcı idi. Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik daxili və xarici siyasi xətt, iqtisadi müstəqilliyi təmin edən "Əsrin müqaviləsi" və qlobal layihələr ölkəmizin beynəlxalq arenada nüfuzunu artırdı. Bu strateji kursu sonrakı illərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı həm iqtisadi, həm də hərbi cəhətdən regionun ən güclü dövlətinə çevirdi. İllər boyu aparılan məqsədyönlü ordu quruculuğu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və masada qazanılan diplomatik uğurlar böyük zəfərin intizarını çəkirdi. 1993-cü ildə qurtuluş fəlsəfəsi ilə başlanan inkişaf yolu, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfərlə taclandı. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə zəfərlərimizin anası və suverenliyimizin tam bərpasına aparan magistral yol kimi həkk olunmuşdur.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı