“Balkanlar da Qafqaz kimi uzun illər müharibələr, miqrasiya prosesləri, siyasi böhranlar və ictimai sarsıntılarla üzləşib, bu səbəbdən yenidənqurma anlayışı bölgə üçün yalnız nəzəri deyil, real tarixi təcrübəyə əsaslanan bir prosesdir”.SİA xəbər verir ki, bu sözləri Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Zülfikar Zeynula Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda üçüncü panel sessiyada çıxışında bildirib.Zülfikar Zeynula qeyd edib ki, yenidənqurma təkcə yolların, körpülərin və yaşayış binalarının inşası ilə məhdudlaşmır. O bildirib ki, müharibə və dağıntılar fiziki infrastrukturla yanaşı, ictimai münasibətlərə, sosial-iqtisadi həyata, mədəni mühitə və insanların gələcəyə baxışına da ciddi təsir göstərir. Buna görə də yenidənqurma prosesi sosial, mədəni və psixoloji aspektlər nəzərə alınmaqla kompleks şəkildə həyata keçirilməlidir.Partiya sədri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və yenidənqurma işlərini uğurlu nümunə kimi qiymətləndirib. O vurğulayıb ki, həyata keçirilən layihələr yalnız infrastrukturun yenilənməsini deyil, həm də əhalinin doğma torpaqlarına qayıdışını, sosial-iqtisadi inkişafı, mədəni irsin qorunmasını və müasir şəhər mühitinin formalaşdırılmasını əhatə edir.Zülfikar Zeynulanın sözlərinə görə, postmünaqişə dövründə yenidənqurma prosesi üç əsas istiqamət üzrə həyata keçirilməlidir. Bunlara fiziki bərpa, iqtisadi dirçəliş və ictimai bərpa daxildir. O qeyd edib ki, fiziki bərpa infrastrukturun yenilənməsini, iqtisadi bərpa məşğulluğun artırılmasını və investisiyaların cəlb olunmasını, ictimai bərpa isə sosial həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsini nəzərdə tutur.Şəhərsalmanın yalnız texniki deyil, həm də sosial və mədəni məzmun daşıyan strateji sahə olduğunu vurğulayan Zülfikar Zeynula bildirib ki, müasir şəhərlər sosial həmrəylik, mədəni kimlik və ortaq yaşam dəyərlərinin formalaşdığı məkanlar kimi inkişaf etdirilməlidir.O, həmçinin texnoloji transformasiyanın şəhərsalma sahəsində yaratdığı yeni imkanlara diqqət çəkərək “ağıllı şəhər” həllərinin, rəqəmsal infrastrukturun, fövqəladə halların idarə olunması sistemlərinin və məlumat əsaslı planlaşdırma mexanizmlərinin gələcəyin şəhərlərinin inkişafında mühüm rol oynadığını qeyd edib. Zülfikar Zeynula əlavə edib ki, Türk dövlətlərinin bu sahədə topladığı təcrübə ortaq əməkdaşlıq platformasının formalaşdırılmasına töhfə verə bilər. O, xüsusilə Türkiyənin zəlzələdən sonrakı yenidənqurma təcrübəsini, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa layihələrini və Balkan ölkələrinin çoxmədəniyyətli inkişaf modelini bu baxımdan mühüm nümunələr kimi dəyərləndirib.
Müəllif: Günay Hacıyeva