"ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı müzakirələrin getdiyi bir dövrdə İran yönümlü təbliğat dairələri yenə də dezinformasiya yaymaqdan əl çəkmirlər. Halbuki ABŞ açıq şəkildə bəyan edib ki, danışıqların əsas məqsədi İranın heç vaxt nüvə silahına sahib olmamaq öhdəliyini qəbul etməsidir".Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi sözlərinə belə davam edib: "ABŞ tərəfinin açıqlamalarına görə, İran bu istiqamətdə öhdəlik götürməyə hazır olduğunu bildirib. Bununla yanaşı, müxtəlif mənbələrdə ABŞ-ın İrana yüz milyardlarla dollar təzminat ödəyəcəyi, yaxud İranın danışıqlarda üstün tərəf olduğu barədə iddialar səsləndirilir. Lakin bu məlumatların heç biri rəsmi şəkildə təsdiqlənməyib. Əksinə, ABŞ rəsmiləri və Prezident Donald Tramp belə xəbərlərin həqiqəti əks etdirmədiyini bildiriblər.Maraqlıdır ki, razılaşmanın yekun mətninin ictimaiyyətə təqdim edilmədiyi bir şəraitdə bəzi şəxslər artıq nəticələr barədə qəti hökmlər verməyə çalışırlar. Halbuki sənəd imzalanmadan onun məzmunu, tərəflərin öhdəlikləri və əldə olunan nəticələr barədə dəqiq fikir söyləmək mümkün deyil.Bu səbəbdən ictimai rəyin müxtəlif təbliğat kampaniyalarına deyil, rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara əsaslanması daha doğru yanaşma olardı. Beynəlxalq münasibətlərdə emosiyalar və təbliğat deyil, faktlar və rəsmi sənədlər əsas götürülməlidir.Nəticə olaraq, İran və ABŞ arasında aparılan danışıqların yekun nəticələri yalnız razılaşma imzalandıqdan və sənədin detalları açıqlanandan sonra obyektiv şəkildə qiymətləndirilə bilər. Buna qədər səsləndirilən qəti iddialara ehtiyatla yanaşmaq lazımdır".
Müəllif: Günel Fərzəliyeva