PDF Oxu

Siyasət

  • 1 322

“Ən diqqətçəkən məqamlardan biri "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının tətbiqidir” - ŞƏRH EDİLDİ

image

”Azərbaycanın müasir tariqində ən mühüm strateji və humanitar missiyalardan biri olan "Böyük Qayıdış" proqramı, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli şəkildə qaytarılmasını hədəfləyən çoxşaxəli bir dövlət siyasətidir”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, politoloji və makroiqtisadi prizmadan yanaşdıqda, bu proses sadəcə bir tikinti-bərpa layihəsi deyil, bütöv bir regionun geosiyasi və geoiqtisadi arxitekturasının yenidən formalaşdırılmasıdır:”Onilliklər ərzində tamamilə dağıdılmış və infrastrukturu məhv edilmiş nəhəng bir coğrafiyada sıfırdan modern həyatın qurulması dövlətin iqtisadi gücünü, idarəetmə potensialını və strateji vizyonunu nümayiş etdirir.Bu çərçivədə görülən işlərin ən kritik və ilkin mərhələsini təhlükəsizliyin təmin edilməsi, yəni ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi təşkil edir. Bu proses, son dərəcə mürəkkəb və zaman aparan bir xarakter daşısa da, digər bütün bərpa layihələrinin fundamental əsasını qoyur. Paralel olaraq, regionun nəqliyyat-logistika şəbəkəsinin qurulması istiqamətində tarixi addımlar atılır. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası, regionun həm daxili, həm də beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyasını təmin edir. Bununla yanaşı, Şuşa, Ağdam, Kəlbəcər və digər azad olunmuş rayonları birləşdirən çoxzolaqlı avtomobil yolları, tunellər və dəmir yolu xətləri regionun iqtisadi canlanmasının əsas arteriyalarına çevrilir.İnfrastruktur layihələrinin digər mühüm qolu energetika sektorudur. Regionun "yaşıl enerji" zonasına çevrilməsi strateji hədəf olaraq müəyyən edilib. Azad edilmiş ərazilərin zəngin su və günəş enerjisi potensialından maksimum istifadə etmək məqsədilə onlarla su elektrik stansiyası bərpa edilib və yeniləri tikilib, rəqəmsal idarəetməyə əsaslanan yarımstansiyalar qurulub. Bu addımlar regionu təkcə daxili tələbatı ödəyən deyil, həm də gələcəkdə enerji ixrac edən bir mərkəzə çevirmək potensialına malikdir. Keyfiyyətli su təchizatı və kənd təsərrüfatının suvarılması üçün su anbarlarının, meliorasiya sistemlərinin yenidən qurulması da bu zəncirin mühüm halqasıdır.Mədəni və sosial bərpa prosesi çərçivəsində Ağdam, Füzuli, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Xocalı kimi şəhərlərin baş planları hazırlanıb və bu planlar əsasında modern şəhərsalma modelləri tətbiq olunur. Burada ən diqqətçəkən məqamlardan biri "Ağıllı kənd" (Smart Village) və "Ağıllı şəhər" (Smart City) konsepsiyalarının tətbiqidir. Məsələn, Zəngilanın Ağalı kəndində, Laçında və Xocalıda artıq reallaşan layihələr alternativ enerji qaynaqlarından istifadəni, ekoloji təmiz mühiti və rəqəmsal xidmətləri özündə birləşdirir. Tarixi, dini və mədəni abidələrin, məscidlərin, muzeylərin restavrasiyası isə regionun milli-mədəni kimliyinin bərpasını təmin edir.İqtisadi dayanıqlığı təmin etmək üçün sənaye parklarının (məsələn, Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası") yaradılması xarici və daxili investorlar üçün əlverişli şərait formalaşdırır. Bu zonalar gələcəkdə minlərlə yeni iş yerinin açılmasına və regionun dotasiyadan asılı olmayan, özünü təmin edən bir iqtisadi gücə çevrilməsinə xidmət edir. Artıq minlərlə keçmiş məcburi köçkünün öz yurdlarına geri qayıtması və orada sosial-iqtisadi həyata inteqrasiya olunması "Böyük Qayıdış" proqramının kağız üzərində deyil, sahədə uğurla işləyən dinamik bir reallıq olduğunu sübut edir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər