17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Tovuz rayonunda “Zərifə xanım Əliyeva: Azərbaycan oftalmologiyasının parlaq siması” mövzusunda tədbir təşkil olunub.
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Tovuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşəbbüsü ilə keçirilən tədbir YAP Tovuz rayon təşkilatının inzibati binasında baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Paşa Muradov və tibb işçiləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Nihad Pənahov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, insan sağlamlığının keşiyində dayanan həkimlər və tibb işçiləri cəmiyyətin ən dəyərli peşə sahiblərindəndir. Çıxışında akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi mühüm töhfələrdən bəhs edən rayon təşkilatının sədri onu yüksək peşəkarlığı, humanizmi və xeyirxahlığı ilə xalqın yaddaşında əbədi iz qoymuş görkəmli alim və şəxsiyyət kimi xarakterizə edib.
Nihad Pənahov həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, regionlarda müasir tibb müəssisələri istifadəyə verilir, tibbi xidmətlərin keyfiyyəti yüksəldilir və yeni texnologiyaların tətbiqi genişləndirilir. O, əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd edərək, onun təşəbbüsü ilə reallaşdırılan sosial və humanitar layihələrin əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər – “Tovuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini Kəmalə Abbasova, Uşaq şöbəsinin müdiri Aybəniz Dəmirova, Hemodializ şöbəsinin müdiri Kifayət Əhmədova və Yoluxucu xəstəliklər şöbəsinin həkim-infeksionisti Aynur Qurbanova akademik Zərifə Əliyevanın zəngin həyat yolu və elmi fəaliyyətinin hər bir tibb işçisi üçün nümunə olduğunu vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsini yaşayır. Müasir tibb müəssisələrinin istifadəyə verilməsi, qabaqcıl tibbi texnologiya və avadanlıqların tətbiqi, eləcə də icbari tibbi sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir. Natiqlər bildiriblər ki, əldə olunan bütün bu nailiyyətlərin əsasında dövlətin insan sağlamlığına göstərdiyi xüsusi diqqət və qayğı dayanır.
Həmçinin vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkəmizdə səhiyyə sisteminin möhkəm təməlləri formalaşdırılıb və bu siyasət bu gün uğurla davam etdirilərək Azərbaycan səhiyyəsinin davamlı inkişafını təmin edir.
Sonda “Tovuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Paşa Muradov çıxış edərək tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və möhkəm cansağlığı arzulayıb. O, səhiyyə işçilərinin insanların sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayaraq, ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışıb. Paşa Muradov tibb işçilərinin peşəkarlığının və fədakar əməyinin cəmiyyət tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib. Həmçinin tibb işçilərinə göstərilən diqqət və qayğıya, eləcə də keçirilən tədbirə görə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin sonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının ictimai-siyasi fəaliyyətində fəal iştirak edən bir qrup səhiyyə işçisi rayon təşkilatının Fəxri fərmanları ilə təltif olunub, partiyaya yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.