PDF Oxu

Siyasət

  • 415

Şəmkirdə 17 iyun - Tibb işçilərinin Peşə Günü münasibətilə tədbir keçirildi

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkir rayon Mərkəzi xəstəxanasında 17 iyun - Tibb işçilərinin Peşə Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva, Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərliyi və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin akt zalında davam edən tədbirdə çıxış edən YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev Tibb İşçilərini Peşə Bayramı Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, səhiyyə sistemi hər bir dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir və insanların sağlamlığının qorunmasında tibb işçilərinin əməyi əvəzsizdir. Fəxrəddin Vəliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkənin bütün bölgələrində müasir tibb müəssisələri tikilib istifadəyə verilib, mövcud səhiyyə ocaqları əsaslı təmir olunub, ən son tibbi avadanlıqlarla təchiz edilib. Səhiyyə sahəsində aparılan islahatlar nəticəsində vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxışı daha da genişlənib. Çıxış zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə və humanitar sahədə həyata keçirdiyi layihələrin əhəmiyyətindən də bəhs olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva çıxışında qeyd edib ki, tibb işçiləri hər zaman cəmiyyətin ən hörmətli peşə sahibləri sırasında yer alırlar. İnsan həyatının və sağlamlığının qorunması kimi məsuliyyətli missiyanı yerinə yetirən səhiyyə işçilərinin fəaliyyəti yüksək qiymətə layiqdir. O, tibb işçilərinə göstərilən dövlət qayğısının onların daha böyük əzmlə çalışmasına stimul verdiyini bildirib.
Digər çıxış edənlər səhiyyə sahəsində çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyətin sağlamlığının qorunması istiqamətində gördükləri fədakar fəaliyyətin əhəmiyyətini vurğulayıblar və həkim peşəsi yalnız peşə deyil, həm də insanlara xidmət etmək, onların sağlamlığı və həyatı naminə məsuliyyət daşımaq missiyasıdır.
Qeyd olunub ki, Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının, tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin bariz ifadəsidir. Həmçinin ölkəmizdə səhiyyənin inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup tibb işçilərinə YAP Şəmkir rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Digər xəbərlər