Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini Fariz Camallı, Mərkəzi Xəstəxana Polikilinkasının baş həkimi Solmaz Şıxlıniskaya və digər iştirakçılar çıxış edərək tibb işçilərini peşə bayramları münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan səhiyyəsinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun rəhbərliyi dövründə səhiyyə sisteminin möhkəmləndirilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, ölkəmizdə müasir tələblərə cavab verən xəstəxanalar, diaqnostika və müalicə mərkəzləri inşa olunur, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl islahatlar aparılır.
Natiqlər, həmçinin vurğulayıblar ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə respublikanın müxtəlif bölgələrində çoxsaylı səhiyyə müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bu layihələr ölkədə səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və insanların keyfiyyətli tibbi xidmətlərə çıxışının genişləndirilməsinə mühüm töhfə verir.
Bu gün cənab Prezidentin rəhbərliyi ilə Böyük Qaydış Proqramı nəticəsində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə müasir standartlara cavab verən səhiyyə müəssisələri, mərkəzi xəstəxanalar və tibb mərkəzləri inşa edilərək əhalinin istifadəsinə verilib. Tədbirdə tibb işçilərinin cəmiyyət həyatındakı mühüm rolu, onların insan sağlamlığının keşiyində dayanan fədakar fəaliyyəti yüksək qiymətləndirilib, peşə bayramı münasibətilə onlara gələcək fəaliyyətlərində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulanıb.
Tədbirin sonunda antiterror əməliyyatları zamanı şəhid olmuş Leytnant Ömər Şirinovun anası,Mərkəzi Xəstəxananın işçisi Çimnaz Şirinovaya Yeni Azərbaycan Partiyasının üzvülük vəsiqəsi və bir qrup tibb işçisinə fəaliyyətlərindəki xidmətlərinə görə YAP Kəlbəcər rayon təşkilatının fəxri fərmanları təqdim olundu.