“Bloqerlərin sadəcə məşhurlaşması vergi öhdəliyi yaratmır”.Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib.Onun sözlərinə görə, bloqer fəaliyyətindən gəlir əldə edirsə, reklam çəkilişləri üçün müqavilələr bağlayırsa, sosial şəbəkələr üzərindən qazanc əldə edirsə, bu halda vergi öhdəliyi yaranır:"Belə şəxslər qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçməli və əldə etdikləri gəlirləri bəyan etməlidirlər. Əks halda, onlar barəsində müvafiq məsuliyyət tədbirləri, o cümlədən cərimələr tətbiq oluna bilər.Hazırda bu kimi halların sayı artır. Bununla belə, vergi orqanları üçün bütün bloqqerlərin qeydiyyata alınması və gəlirlərinin dəqiq müəyyənləşdirilməsi asan proses deyil. Gəlirin mənbəyinin, həcminin və vergi tutma bazasının müəyyən edilməsi müəyyən araşdırmalar tələb edir.Bu baxımdan, vətəndaşlarda vergi mədəniyyətinin formalaşması xüsusi əhəmiyyət daşıyır. Hər kəs əldə etdiyi gəlirə uyğun olaraq dövlət qarşısındakı vergi öhdəliklərini yerinə yetirməlidir. Hazırkı mərhələdə belə şəxslərin aşkar olunması və nəzarətə götürülməsi dövlət üçün əlavə resurs və maliyyə xərcləri tələb edir. Çünki onların fəaliyyətinin izlənilməsi, əldə etdikləri gəlirlərlə bağlı faktların toplanması və təsdiqlənməsi müəyyən vaxt və texniki imkanlar tələb edən prosesdir.Lakin iqtisadiyyatın rəqəmsallaşması fonunda bu istiqamətdə nəzarət mexanizmləri də təkmilləşir. Yeni platformaların və texnoloji həllərin tətbiqi gələcəkdə bu sahədə şəffaflığın artmasına, gəlirlərin daha asan müəyyən edilməsinə və vergi öhdəliklərindən yayınma hallarının azalmasına imkan verəcək. Dövlətin də bu istiqamətdə əlavə tədbirlər görəcəyi gözlənilir".
Lətifə Abdıyeva