PDF Oxu

Siyasət

  • 599

Səngərdə keçən gecələrin arxasındakı güvən - ŞƏRH

image

Bəzən düşünürəm ki, biz gənclər rahat şəkildə universitetə gedəndə, dostlarımızla görüşəndə, gələcəyimizlə bağlı planlar quranda bunun nə qədər böyük bir dəyər olduğunu tam hiss etmirik. Çünki təhlükəsizlik insanın hər gün gördüyü, lakin çox vaxt üzərində düşünmədiyi nemətlərdən biridir. Bu təhlükəsizliyin arxasında isə Azərbaycan əsgərinin və zabitinin gecə-gündüz çəkdiyi xidmət dayanır.

26 İyun – Silahlı Qüvvələr Günü mənim üçün yalnız hərbi bayram deyil. Bu gün həm də Vətən qarşısında məsuliyyət, fədakarlıq və sədaqət anlayışlarını xatırladan bir gündür. Hər bir dövlətin gücü onun ordusunun gücü ilə ölçülür. Azərbaycan da bu gün regionun ən güclü ordularından birinə malikdirsə, bu, illərlə aparılan məqsədyönlü siyasətin, ordunun inkişafına göstərilən diqqətin və hərbçilərimizin zəhmətinin nəticəsidir.

Mənim nəslim Azərbaycanın ən mühüm tarixi hadisələrindən birinin şahidi olub. 2020-ci ildə baş vermiş Vətən müharibəsi təkcə hərbi qələbə deyil, həm də milli birlik nümunəsi idi. Həmin günlərdə ölkənin hər yerində insanlar bir amal uğrunda birləşmişdi. Gənclər könüllü şəkildə müxtəlif təşəbbüslərə qoşulur, əsgərlərimizə dəstək olur, cəbhədən gələn xəbərləri böyük həyəcanla izləyirdilər. O günlər bizə göstərdi ki, Vətən sevgisi sözlə deyil, əməli işlərlə sübut olunur.

Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin göstərdiyi igidlik və hərbçilərimizin peşəkarlığı Azərbaycanın tarixində silinməz iz qoyub. Onlar sübut etdilər ki, torpaq yalnız üzərində yaşamaq üçün deyil, onu qorumaq üçün də sevilməlidir. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız minlərlə qəhrəmanın fədakarlığının nəticəsidir.

Bir gənc olaraq hesab edirəm ki, Silahlı Qüvvələr Günü yalnız hərbçilərin deyil, bütün xalqın bayramıdır. Çünki ordu xalqdan ayrı deyil. Hər bir əsgər bu xalqın övladıdır, hər bir zabit bu dövlətin gələcəyinə xidmət edən insandır. Ona görə də 26 İyun bizə həm qürur hissi yaşadır, həm də üzərimizə düşən vətəndaşlıq məsuliyyətini xatırladır.

Bu gün Azərbaycan gənclərinin qarşısında duran əsas vəzifələrdən biri vətənpərvər, savadlı və milli dəyərlərə bağlı vətəndaş kimi yetişməkdir. Müasir dövrdə Vətənə xidmət yalnız hərbi formada olmur. Elmdə, təhsildə, iqtisadiyyatda, dövlət idarəçiliyində və ictimai həyatda əldə edilən uğurlar da ölkənin güclənməsinə xidmət edir. Güclü ordu ilə yanaşı, güclü vətəndaş cəmiyyəti də dövlətin dayanıqlığını təmin edir.

26 İyun münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə dərin ehtiramımı bildirirəm. Sərhədlərimizin keşiyində dayanan, dövlətimizin təhlükəsizliyini qoruyan hər bir hərbçi xalqımızın hörmətini qazanıb. Şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edir, qazilərimizə və hərbi qulluqçularımıza möhkəm can sağlığı arzulayıram.

Əminəm ki, Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin ən etibarlı təminatçısı olaraq qalacaq. Çünki bu ordunun arxasında öz dövlətinə inanan xalq, xalqın arxasında isə güclü Azərbaycan dayanır.

Aydan Əliyeva
YAP Nərimanov rayon təşkilatının gənc fəalı

Digər xəbərlər