PDF Oxu

Siyasət

  • 402

Böyük Qayıdışı uğurla həyata keçirən Lider - FOTO

image

İyunun 19-da YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə “Böyük Qayıdışı uğurla həyata keçirən Lider” mövzusunda dəyirmi masa keçirilib.
Öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. O qeyd edib ki, Böyük Qayıdış Proqramı ölkəmizin qarşısında duran ən mühüm strateji vəzifələrdən biri olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə qayıdışını təmin edir.
Gündüz Bayramov vurğulayıb ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri, tikilən yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər dövlətimizin gücünü və vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir. Bildirilib ki, Böyük Qayıdış proqramının uğurla icrası Azərbaycanın müasir inkişaf tarixinin ən mühüm nailiyyətlərindən biridir.
Daha sonra tədbirdə iştirak Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev və partiya fəalları Toğrul Coqiyev, Zahirə Hüseyinova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Azərbaycanın güclü dövlət siyasətinin və xalq-iqtidar birliyinin bariz nümunəsidir.

Digər xəbərlər