Milli Məclisdə media sahəsində yeni vahid idarəetmə mexanizminin yaradılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.SİA xəbər verir ki, məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişikliklər çərçivəsində nəzərdən keçirilib.Dəyişikliklərə əsasən, Azərbaycanda media sahəsində vahid idarəetməni təmin etmək məqsədilə Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni qurumun kollegial idarəetmə prinsipi əsasında fəaliyyət göstərməsi planlaşdırılır.Sənəddə qeyd olunur ki, müasir informasiya mühitində çap, onlayn və audiovizual media arasında sərhədlərin azalması vahid yanaşma və çevik idarəetmə mexanizmlərinin tətbiqini zəruri edib. Bu baxımdan yeni Şuranın yaradılması medianın iqtisadi müstəqilliyinin və informasiya təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.Bildirilib ki, dəyişikliklər “Media haqqında” Qanunda Şuranın səlahiyyət və öhdəliklərinin hüquqi çərçivədə müəyyən edilməsini, eləcə də “Dövlət qulluğu haqqında” Qanunda uyğunlaşdırma xarakterli dəyişiklikləri nəzərdə tutur.Qanun layihəsinin ümumilikdə media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, hüquqi müəyyənliyin artırılması və beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsinə xidmət etdiyi vurğulanıb.Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
Müəllif: Günel Fərzəliyeva