“Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, beynəlxalq maliyyə institutlarının rəhbərlərini, iş adamlarını və ekspertləri bir araya gətirən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Azərbaycanın beynəlxalq nüfuzunun və İslam dünyası ilə əməkdaşlığının növbəti göstəricisidir”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, ölkəmizin İslam dünyası ilə iqtisadi əlaqələrinin genişlənməsi, xarici investisiyaların cəlb edilməsi və maliyyə bazarlarının şaxələndirilməsi baxımından bu sahənin potensialı böyükdür:”Xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, infrastruktur layihələrinin dəstəklənməsi və sosialyönümlü investisiyaların artırılması istiqamətində İslam maliyyə alətlərindən səmərəli istifadə oluna bilər. Bakıda aparılan müzakirələrdə də əsas diqqət dayanıqlı inkişaf, regional inteqrasiya, maliyyə əməkdaşlığı, nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi, həmçinin üzv ölkələr arasında investisiya imkanlarının genişləndirilməsi məsələlərinə yönəldildi. Forum iştirakçıları da Azərbaycanın bu toplantıya ev sahibliyini beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirdilər.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin İslam İnkişaf Bankı ilə uzun illərə söykənən tərəfdaşlıq münasibətlərindən, Azərbaycanın iqtisadi nailiyyətlərindən və gələcək inkişaf prioritetlərindən bəhs etdi. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan ikinci dəfədir İİB-nin İllik Toplantılarına ev sahibliyi edir və bu, ölkəmizlə Bank arasında mövcud olan etibarlı və strateji əməkdaşlığın göstəricisidir.
Cənab Prezident çıxışında Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolunu diqqətə çatdıraraq bildirdi ki, müstəqilliyin ilk illərində müharibə, işğal və humanitar fəlakətlə üzləşən ölkəmiz bu gün siyasi, iqtisadi və sosial sabitliyin hökm sürdüyü, regionun aparıcı dövlətlərindən birinə çevrilib. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib, ölkəmizə geniş dəstək qazandırıb.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol xüsusi vurğulandı. Bir daha bəyan olundu ki, hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir və bu coğrafiya ildən-ilə genişlənir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri Avrasiyanın enerji xəritəsini dəyişdirən mühüm təşəbbüslər kimi qiymətləndirilir.
Dövlət başçımız Azərbaycanın nəqliyyat-logistika sahəsində əldə etdiyi nailiyyətlərə də toxunaraq vurğuladı ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi mühüm tranzit mərkəzinə çevirib. Qarşıdakı illərdə Azərbaycan ərazisindən daşınan yüklərin həcminin iki dəfə artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələr verdiyini də diqqətə çatdırdı.
Cənab Prezident bu platformadan da Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpa olunmasından sonra yaranmış reallıqları dünyaya bəyan etdi.
Ermənistanın uzun illər davam edən işğal siyasətinə, Azərbaycan torpaqlarında törədilən dağıntılara və beynəlxalq ictimaiyyətin selektiv yanaşmalarına diqqət çəkildi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində öz suverenliyini tam təmin edib və bundan sonra regionda sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz Azərbaycan olub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri dünyada ən uğurlu şəhərsalma nümunəsi kimi qəbul olunur. Bu xüsusda cənab Prezident bildirdi ki, artıq həmin ərazilərdə 90 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. Azad edilmiş ərazilərin yenidən qurulmasına bu günədək 17 milyard dollara yaxın investisiya yönəldilib və proses sürətlə davam edir.
Azərbaycanın gələcək hədəflərinə gəlincə, ərzaq təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və bərpaolunan enerji sektorunun inkişafı əsas prioritetlər sırasındadır. Təsadüfi deyil ki, 2032-ci ilədək Azərbaycan beynəlxalq tərəfdaşlarla imzalanmış müqavilələr əsasında 8 giqavat həcmində günəş və külək enerjisi istehsal gücü əldə edəcək. Bu isə ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi üçün zəmin yaradır.
İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları bir daha göstərdi ki, Azərbaycan İslam dünyasının mühüm iqtisadi, maliyyə və siyasi əməkdaşlıq platformalarından birinə çevrilib. Bu mötəbər tədbir ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və davamlı inkişaf strategiyasının təsdiqidir. Azərbaycan üçün də İslam bankçılığının inkişafı yeni imkanlar yaradır. Beləliklə, Bakı bu dəfə qlobal səviyyəli iqtisadi dialoqun ünvanı kimi regional inteqrasiya, dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq ideyalarının təşviqinə töhfə verdi”.
Müəllif: Günay Hacıyeva