Ölkəmizin milli maraqlarının qorunması və dövlət təhlükəsizliyinin təmin edilməsi xarici və müdafiə siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşdiyini nəzərə alaraq beynəlxalq hərbi əməkdaşlığın inkişafına xüsusi diqqət yetirmişdir. Bu əməkdaşlıq ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələrin modernləşdirilməsi, regional təhlükəsizliyin təmin olunması və milli maraqların beynəlxalq müstəvidə qorunmasına xidmət edir.
Azərbaycanın hərbi əməkdaşlıq siyasəti dövlətin milli maraqlarına, müdafiə strategiyasına və xarici siyasət kursuna uyğun şəkildə həyata keçirilir. Bu siyasətin əsas məqsədi ölkənin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini etibarlı şəkildə qorumaq, eyni zamanda regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verməkdir. Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda həyata keçirilir və müxtəlif ölkələri, beynəlxalq təşkilatları əhatə edir.
Milli maraqlarımız naminə həyata keçirilən hərbi əməkdaşlığın mühüm istiqamətlərindən biridə qardaş Türkiyə ilə qurulan əlaqələrdir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ordunun döyüş hazırlığının artırılmasında, peşəkar hərbi kadrların yetişdirilməsində və müasir hərbi idarəetmə sistemlərinin tətbiqində mühüm rol oynayır. Birgə hərbi təlimlər, təcrübə mübadiləsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq Azərbaycan Ordusunun güclənməsinə əhəmiyyətli töhfələr verir.
Bununla yanaşı, Azərbaycan NATO ilə tərəfdaşlıq çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlıq orduda müasir standartların tətbiqinə, hərbi təhsil sisteminin təkmilləşdirilməsinə və sülhməramlı fəaliyyətlərin genişləndirilməsinə imkan yaratmışdır. NATO proqramları vasitəsilə Azərbaycan Silahlı Qüvvələri beynəlxalq təcrübədən faydalanaraq öz peşəkarlıq səviyyəsini daha da yüksəltmişdir.
Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığının digər mühüm istiqamətlərindən biri təhlükəsizlik sahəsində yeni çağırışlara qarşı birgə fəaliyyətin təşkil edilməsidir. Terrorizmə qarşı mübarizə, kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının mühafizəsi və xüsusi əməliyyat qabiliyyətlərinin inkişaf etdirilməsi müasir əməkdaşlığın əsas sahələri sırasındadır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsinə və mümkün təhdidlərin qarşısının alınmasına xidmət edir.
Hərbi əməkdaşlıq həmçinin Azərbaycan Ordusunun texniki və texnoloji imkanlarının artırılmasına şərait yaradır. Müasir silah və hərbi texnikaların əldə olunması, müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi innovasiyaların tətbiqi və qabaqcıl təcrübələrin öyrənilməsi ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu proses ölkənin müdafiə potensialının davamlı şəkildə gücləndirilməsinə imkan verir.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoymuşdur. Postmüharibə dövründə ölkə öz hərbi potensialını daha da möhkəmləndirmək, regionda təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə tərəfdaş dövlətlərlə əməkdaşlığı genişləndirmişdir. Bu əməkdaşlıq Azərbaycanın regional lider mövqeyinin güclənməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərir.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdafiə və təhlükəsizlik siyasəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü ordularından birinə malikdir. Beynəlxalq hərbi əməkdaşlıq ölkənin milli maraqlarının müdafiəsində, dövlət təhlükəsizliyinin təmin edilməsində və Silahlı Qüvvələrin inkişafında mühüm rol oynamaqda davam edir. Azərbaycan bundan sonra da qarşılıqlı fayda, etibarlı tərəfdaşlıq və milli maraqlar prinsipləri əsasında beynəlxalq hərbi əlaqələrini daha da genişləndirəcəkdir.
Sevinc Həsənova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı