PDF Oxu

Siyasət

  • 751

Azərbaycan əsgərinin vətənpərvərliyi humanizm və nizam-intizamla yoğrulub - ŞƏRH

image

Tarix boyu xalqların mövcudluğu, onların torpağa bağlılığı və bu torpağı qorumaq üçün canından keçməyə hazır olan fədakar övladlarının varlığı ilə ölçülüb.
Azərbaycan xalqı üçün bu fədakarlığın, cəsarətin və sarsılmaz iradənin ən bariz təcəssümü Azərbaycan əsgəridir. Azərbaycan əsgərinin vətənpərvərlik ruhu sadəcə bir hərbi vəzifə deyil bu, qandan gələn bir gen, tarixdən süzülüb gələn bir and və milli kimliyin ən uca zirvəsidir. Onilliklər boyu xalqımızın qəlbində yatan yurd həsrəti, işğal altında olan torpaqlarımızın ağrısı gənc nəslin daxilində böyük bir vətənpərvərlik dalğası yaratdı. Azərbaycan əsgəri döyüş meydanına sadəcə bir əmr icraçısı kimi deyil, tarixi ədaləti bərpa etmək, şəhidlərin qisasını almaq və doğma torpaqları azad etmək andı ilə atıldı. Bu ruh, onun qarşısında duran hər bir maneəni aşmağa qadir etdi.Azərbaycan əsgərinin daxilindəki vətən sevgisi təsadüfi formalaşmayıb. Bu ruh Babəkin azadlıq axtarışından, Şah İsmayıl Xətainin dövlətçilik təfəkküründən, Cavad xanın güzəştsiz mübarizəsindən və XX əsrin əvvəllərində mürəkkəb siyasi şəraitdə müstəqillik bayrağını ucaldan Cümhuriyyət generallarının irsindən qidalanır.Azərbaycan gənci hərbi xidmətə yollanarkən sadəcə silah tutmağı öyrənmir o, əsrlər boyu qorunmuş bir şərəf estafetini təhvil alır. Bu səbəbdən, bizim əsgərimiz üçün Vətən anlayışı sadəcə coğrafi sərhədlər deyil, ananın namusu, atanın nəsihəti və gələcək nəsillərin azadlıq təminatıdır. Azərbaycan əsgərinin vətənpərvərlik ruhunun ən parlaq və əyani sübutu 44 günlük vətən müharibəsi və ondan sonrakı lokal antiterror tədbirləri oldu. Otuz ilə yaxın davam edən işğal dövrü əsgərimizin iradəsini qıra bilmədi, əksinə, onda daxili bir qisas və ədaləti bərpa etmək alovunu daha da gücləndirdi.Bu gün Azərbaycan əsgəri həm işğaldan azad edilmiş torpaqlarda, həm də ölkənin bütün sərhədlərində mərdliklə dayanıb. Onun vətənpərvərliyi indi həm də quruculuq və qoruma missiyası daşıyır. Dağıdılmış şəhərlərin, minalanmış sahələrin ortasında xidmət aparan əsgər, gələcəkdə bu torpaqlarda yaşayacaq körpələrin təhlükəsizliyini təmin etdiyini bilir. Azərbaycan əsgərinin vətənpərvərliyi həm də humanizm və nizam-intizamla yoğrulub. O, döyüş meydanında rəşadətli, mülki insanlara qarşı rəhmli və beynəlxalq hüquq normalarına sadiqdir.Vətənpərvərliyin ən ali dərəcəsi canını vətən uğrunda fəda etməyə hazır olmaqdır. Azərbaycan əsgəri döyüşə gedərkən geriyə baxmadı. Yaralı halda döyüşü davam etdirən, silahdaşını xilas etmək üçün özünü sipər edən, düşmən üzərinə son qumbarası ilə atılan yüzlərlə qəhrəmanımızın hekayəsi bu gün məktəblərdə, evlərdə qürurla danışılır. Onlar üçün vətən sərhədləri canlarından daha müqəddəs idi.Əsgərimizin ruhunu qidalandıran ən böyük güc mənbələrindən biri də arxasında hiss etdiyi xalq dəstəyi idi. Dəmir yumruq təkcə hərbi gücü deyil, həm də xalqın, dövlətin və ordunun bir yumruq kimi birləşməsini simvolizə edirdi. Cəbhədən gələn hər bir qələbə xəbəri xalqı coşdurur, xalqın bu sevgisi isə səngərdəki əsgərə tükənməz güc verirdi. Bu, onun yüksək mənəviyyatından və mənsub olduğu xalqın əsalətindən xəbər verir.Azərbaycan əsgərinin vətənpərvərlik ruhu tükənməz bir mənbədir. Bu ruh sıldırım qayaları düzənliyə çevirir, keçilməz sədləri yarır və bayrağımızı ən uca zirvələrə sancır. Nə qədər ki, damarında bu qeyrəti daşıyan, gözünü qırpmadan vətən üçün irəli atılan Azərbaycan əsgəri var, bu dövlətin müstəqilliyi əbədi, gələcəyi isə parlaq olacaqdır.

İsmayıl Ağayarov

YAP Şərur rayon Dərvişlər Kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər