PDF Oxu

Siyasət

  • 591

108 illik Azərbaycan Ordusunun şanlı yolu - ŞƏRH

image

İyunun 26-sı Azərbaycan xalqının qürurla qeyd etdiyi əlamətdar tarixlərdən biridir. Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü tamam olur. Bir əsrdən artıq şərəfli inkişaf yolu keçən milli ordumuz bu gün regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyinin, ərazi bütövlüyünün və suverenliyinin etibarlı təminatçısıdır. Bu şərəfli yolun zirvəsində isə tarixi Zəfərimiz, Qarabağ və Şərqi Zəngəzurda dövlət suverenliyinin tam bərpası, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının uğurlu icrası dayanır. Azərbaycan Ordusunun qüdrəti 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz otuz ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Bu müharibə təkcə hərbi qələbə deyil, həm də xalqın iradəsinin, dövlətin gücünün və milli birliyinin təntənəsi oldu. Ermənistan və onun havadarları tərəfindən illərlə formalaşdırılan “məğlubedilməz ordu” mifinin əsassız olduğu döyüş meydanında sübuta yetirildi. Lakin Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər təsadüfi deyildi. Azərbaycan Ordusu bundan əvvəl də öz gücünü dəfələrlə nümayiş etdirmişdi. 2016-cı ilin Aprel döyüşləri Silahlı Qüvvələrimizin peşəkarlığını və yüksək döyüş qabiliyyətini ortaya qoydu. Uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində mühüm strateji yüksəkliklər və ərazilər nəzarətə götürüldü. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu Günnüt əməliyyatı isə ordumuzun növbəti qələbəsi oldu. Əldə olunan nəticələr sonrakı böyük Zəfərin etibarlı təməlini formalaşdırdı.
Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qoyuldu. Həmin gün ilk müntəzəm hərbi birləşmə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli ordu quruculuğunun təməli atıldı. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, vahid komandanlığın olmaması və ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında olduğu kimi, ordu quruculuğunda da yeni mərhələ başlandı. Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində nizami ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, vahid komandanlıq sistemi yaradıldı, şəxsi heyətin döyüş hazırlığı və sosial təminatı gücləndirildi. 1994-cü ildə əldə olunmuş atəşkəsdən sonra Silahlı Qüvvələrin müasirləşdirilməsi prosesi daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq hərbi əməkdaşlıq istiqamətində mühüm nailiyyətlər əldə etdi. NATO ilə tərəfdaşlıq münasibətlərinin inkişafı, müxtəlif proqramlarda iştirak və beynəlxalq sülhməramlı missiyalarda qazanılan təcrübə ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə və müasir standartlara uyğunlaşdırılmasına geniş imkanlar yaratdı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müdafiə qabiliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələrin ən müasir silah və texnika ilə təchiz edilməsi, hərbi sənaye kompleksinin yaradılması, şəxsi heyətin sosial müdafiəsinin möhkəmləndirilməsi və peşəkar hazırlığın artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Hazırda ölkəmizdə mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur və milli hərbi sənaye ordumuzun ehtiyaclarının təmin edilməsində mühüm rol oynayır.
Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun yüksək peşəkarlığının, müasir silahlanmasının və xalq-iqtidar-ordu birliyinin nəticəsi idi. Xüsusilə Şuşa əməliyyatı müasir hərb tarixinin ən uğurlu əməliyyatlarından biri kimi xüsusi maraq doğurur. Müharibə zamanı üç mindən artıq qəhrəman əsgər və zabitimiz Vətən uğrunda şəhidlik zirvəsinə ucalaraq tariximizin ən şanlı səhifələrindən birini yazdı. Xalqımız onların əziz xatirəsini daim ehtiramla yad edir. Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Komando birliklərinin yaradılması, Türkiyə Silahlı Qüvvələrinin qabaqcıl təcrübəsinin tətbiqi, idarəetmə sisteminin təkmilləşdirilməsi və 2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması Silahlı Qüvvələrimizin inkişafında yeni mərhələnin əsasını qoyub. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, birgə təlimlər və müdafiə sənayesi sahəsində əməkdaşlıq ordumuzun imkanlarının daha da genişlənməsinə mühüm töhfə verir. 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin olundu. Bununla da Prezident-xalq-ordu birliyinin gücü bir daha bütün dünyaya nümayiş etdirildi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” bu gün də milli həmrəyliyin, qətiyyətin və yenilməzliyin təcəssümü kimi yaşayır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın hərbi-siyasi qələbəsinin mühüm nəticələri kimi tarixə yazılır. Bütün bunların əsasında isə güclü dövlət, xalq həmrəyliyi və qalib Azərbaycan Ordusu dayanır.
108 illik şərəfli tarixə malik Azərbaycan Ordusu bu gün ölkəmizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısı olmaqla yanaşı, xalqımızın qürur mənbəyinə çevrilib. Güclü iqtisadi potensiala, müasir silahlanmaya, peşəkar hərbi kadrlara və xalqın sarsılmaz dəstəyinə söykənən Silahlı Qüvvələrimiz bundan sonra da dövlətimizin müstəqilliyinin keşiyində qətiyyətlə dayanacaq. Prezident-xalq-ordu birliyindən güc alan qalib Azərbaycan Ordusu regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına bundan sonra da mühüm töhfələr verəcək.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Digər xəbərlər