Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olan Silahlı Qüvvələr bu gün xalqımızın qürur mənbəyidir. Hər il 26 iyun tarixində qeyd olunan Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, əldə etdiyi uğurları və dövlətimizin müdafiə qüdrətini bir daha xatırlatmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk nizami hərbi hissələrin yaradılması ilə milli ordumuzun təməli qoyulub. Müstəqilliyimizin bərpasından sonra isə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində vahid komandanlığa malik, nizam-intizamlı və peşəkar ordu formalaşdırılıb, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün möhkəm əsaslar yaradılıb.
Ulu Öndər Heydər Əliyev ordunun dövlətçilik üçün əhəmiyyətini hər zaman xüsusi vurğulayaraq bildirirdi ki, hər bir müstəqil dövlətin ordusu onun əsas atributlarından biridir. Məhz bu baxış nəticəsində Azərbaycan Ordusunun inkişaf strategiyası müəyyənləşdirilmiş, hərbi təhsil sistemi gücləndirilmiş, peşəkar zabit kadrlarının hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Bu gün əldə olunan uğurların təməlində də həmin uzaqgörən siyasət dayanır.
Bu siyasət Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Son illər ərzində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir silah və texnika ilə təchizatı təmin olunub, hərbi qulluqçuların sosial müdafiəsi diqqət mərkəzində saxlanılıb. Hərbi sənayenin inkişafı və döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Ordusunu dünyanın güclü orduları sırasına çıxarıb.
Azərbaycan-Türkiyə qardaşlığı da hərbi sahədə əməkdaşlığın inkişafına mühüm töhfə verib. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsini, silahlı qüvvələrin müasir çağırışlara uyğun inkişaf etdirilməsini və müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq regionda sülhün və sabitliyin qorunmasına xidmət edən mühüm amillərdən biridir.
2020-ci ildə Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində düşmən üzərində əldə olunan tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. Şanlı Zəfər yalnız hərbi üstünlüyün deyil, həm də xalqla ordunun sarsılmaz birliyinin təntənəsi oldu. Azərbaycan əsgəri döyüş meydanında yüksək peşəkarlıq, qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək tariximizin ən parlaq səhifələrindən birini yazdı.
2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bununla da Azərbaycan xalqının onilliklər boyu gözlədiyi tarixi ədalət bərpa olundu və dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri uğurla yerinə yetirildi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü hərbi qüvvələrindən biri kimi ölkəmizin təhlükəsizliyinin keşiyində dayanır. Ordumuzun əldə etdiyi uğurlar göstərir ki, güclü dövlətin təməl şərtlərindən biri məhz güclü ordudur. Azərbaycan Ordusunun inkişafı bundan sonra da dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalacaq.
Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı, şəhid ailələrini və qazilərimizi dərin ehtiramla salamlayır, Azərbaycan Ordusuna yeni uğurlar arzulayırıq. Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
Sərtac Atlas
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi