Hər il 26 iyun tarixində ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü böyük qürur və ehtiramla qeyd olunur. Bu əlamətdar gün Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olan ordumuzun keçdiyi şərəfli yolu, qazandığı uğurları və ölkəmizin təhlükəsizliyinin təmin edilməsindəki müstəsna rolunu bir daha yada salmaq üçün mühüm fürsətdir.
Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə başlanıb. Müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyev tərəfindən ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu siyasət nəticəsində Silahlı Qüvvələrimiz peşəkar, intizamlı və müasir hərbi gücə malik ordu kimi formalaşdı.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silah və texnikalarla təchiz olunması, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpa olunması Azərbaycan hərbçisinin yüksək hazırlığını, vətənpərvərliyini və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
Müasir dövrdə dövlətlərin təhlükəsizliyinin təmin olunmasında beynəlxalq və regional hərbi əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da milli maraqlarını qorumaq, müdafiə qabiliyyətini gücləndirmək və regional sabitliyə töhfə vermək məqsədilə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla hərbi əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bu əməkdaşlıq çərçivəsində birgə hərbi təlimlər keçirilir, təcrübə mübadiləsi aparılır, müdafiə sənayesi və hərbi təhsil sahəsində əlaqələr genişləndirilir.
Xüsusilə qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətləri Azərbaycan Ordusunun inkişafında mühüm rol oynayır. Birgə təlimlər və qarşılıqlı əməkdaşlıq ordumuzun döyüş hazırlığının yüksəldilməsinə, müasir hərbi idarəetmə və taktiki bacarıqların mənimsənilməsinə böyük töhfə verir. Eyni zamanda Azərbaycan beynəlxalq sülhməramlı missiyalarda iştirak etməklə qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir.
Milli maraqlar naminə həyata keçirilən hərbi əməkdaşlıq siyasəti ölkəmizin müdafiə potensialını daha da artırır, təhlükəsizlik çağırışlarına çevik cavab vermək imkanlarını genişləndirir və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Güclü ordu və etibarlı tərəfdaşlıqlar dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və davamlı inkişafımızın əsas təminatçılarındandır.
Azərbaycan Ordusunun qüdrəti yalnız müasir silahlanma və hərbi potensialla deyil, həm də yüksək vətənpərvərlik ruhu, peşəkar kadr hazırlığı və milli maraqlara əsaslanan ardıcıl dövlət siyasəti ilə müəyyən olunur. Beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi, yeni təhlükəsizlik çağırışlarına uyğun müdafiə mexanizmlərinin formalaşdırılması və hərbi potensialın davamlı şəkildə gücləndirilməsi ölkəmizin təhlükəsizliyinin etibarlı təminatıdır. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qarantı olmaqla yanaşı, regionda sülhün və sabitliyin qorunmasında da mühüm amil kimi çıxış edir. Dövlətimizin gücünü və xalqımızın birliyini özündə təcəssüm etdirən Azərbaycan Ordusu qarşıdakı dövrdə də milli maraqların etibarlı müdafiəçisi olaraq strateji əhəmiyyətini qoruyub saxlayacaqdır.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi