Hər il 26 İyun – Silahlı Qüvvələr Günü ölkəmizdə böyük qürur hissi ilə qeyd olunur. Bu tarix sadəcə bayram günü deyil, həm də Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu xatırlamaq, dövlətimizin gücünü və xalqımızın birliyini bir daha dəyərləndirmək imkanıdır.
Bu gün hər bir Azərbaycan vətəndaşı kimi mən də ordumuzun əldə etdiyi nailiyyətlərlə fəxr edirəm. Çünki güclü ordu güclü dövlət deməkdir. Müstəqilliyimizin qorunması, suverenliyimizin möhkəmləndirilməsi və ərazi bütövlüyümüzün təmin olunması məhz Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı sayəsində mümkün olub.
Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da qoyulsa da, müasir və qüdrətli ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ordumuzun formalaşması və güclənməsi istiqamətində mühüm addımlar atılmış, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bu siyasət Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ordumuzun maddi-texniki təminatının gücləndirilməsi, müasir silah sistemlərinin alınması və peşəkar hərbi kadrların hazırlanması Azərbaycanın hərbi potensialını daha da artırmışdır.
Azərbaycan Ordusunun gücü 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Şanlı Qələbə göstərdi ki, xalqla ordunun birliyi sarsılmazdır. Məhz bu birlik və güclü siyasi iradə nəticəsində torpaqlarımız işğaldan azad edildi və tarixi ədalət bərpa olundu.
Bu gün regionun ən güclü ordularından biri hesab edilən Azərbaycan Silahlı Qüvvələri ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır. Əminəm ki, ordumuz bundan sonra da dövlətimizin maraqlarını qətiyyətlə qoruyacaq, Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıracaq.
Azərbaycan Ordusunun əldə etdiyi uğurlar təkcə hərbi sahədə deyil, eyni zamanda xalqımızın milli ruhunun yüksəlməsində də mühüm rol oynayıb. Bu gün gənclərimiz vətənpərvərlik ruhunda böyüyür, dövlətimizin maraqlarını hər şeydən üstün tuturlar. Ordumuza olan yüksək etimad da məhz onun qazandığı uğurların və xalqla sıx bağlılığının nəticəsidir.
Son illərdə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda görülən genişmiqyaslı işlər Azərbaycan dövlətinin gücünü, qətiyyətini və gələcəyə hesablanmış siyasətini nümayiş etdirir. Bütün bunların təməlində isə şanlı ordumuzun qazandığı tarixi Zəfər dayanır.
Hesab edirəm ki, Silahlı Qüvvələr Günü hər birimiz üçün yalnız bayram deyil, həm də dövlətimiz qarşısında məsuliyyətimizi xatırladan mühüm gündür. Çünki güclü dövlətin dayaqlarından biri güclü ordudur. Bu gün hər bir Azərbaycan vətəndaşı ordumuzun uğurlarını öz uğuru kimi qəbul edir və onunla fəxr edir.
Azərbaycan Ordusunun şərəfli tarixi bundan sonra da yeni nailiyyətlərlə zənginləşəcək. Əsgər və zabitlərimizin Vətənə sədaqəti, dövlətimizin ordunun inkişafına göstərdiyi diqqət və xalqımızın həmrəyliyi ölkəmizin təhlükəsizliyinin etibarlı təminatı olaraq qalacaq.
Əminliklə demək olar ki, Azərbaycan Ordusu gələcəkdə də müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün keşiyində qətiyyətlə dayanacaq, dövlətimizin gücünü və qüdrətini dünyaya nümayiş etdirməyə davam edəcəkdir.
Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd edir, bütün hərbi qulluqçularımıza şərəfli xidmətlərində uğurlar arzulayıram. Yaşasın Azərbaycan Ordusu, yaşasın müstəqil Azərbaycan!
Nəzrin Əlizadə
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi