PDF Oxu

Siyasət

  • 1 024

Vətənpərvər Azərbaycan əsgəri

image

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının qəhrəman oğullarına göstərdiyi sonsuz ehtiramın, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmətin ifadəsidir. Bu gün hər bir azərbaycanlı üçün təkcə bayram deyil, həm də qürur, minnətdarlıq və vətən sevgisi günüdür.
Azərbaycan əsgəri sadəcə silah daşıyan hərbçi deyil, min illərin qəhrəmanlıq ənənələrini yaşadan, Vətənin hər qarış torpağını öz canından əziz bilən igid bir vətən övladıdır. Onun ürəyi üçrəngli bayrağımızın sevgisi ilə döyünür, gözləri Azərbaycanın sabahına ümidlə baxır. Əsgər üçün Vətən anlayışı yalnız torpaq deyil, həm də ana laylası, ata ocağı, doğma yurdun hər daşı, hər qayasıdır.
Tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin yenilməz iradəsini və sarsılmaz vətənpərvərlik ruhunu bütün dünyaya göstərdi. Yağış altında, qar altında, sərt dağlarda və keçilməz yollar boyunca irəliləyən əsgərlərimiz bir amal uğrunda döyüşürdülər – Vətənin azadlığı uğrunda. Onlar ölümün gözünə dik baxaraq müqəddəs bayrağımızı işğaldan azad edilmiş torpaqlarda ucaltdılar.
Bu zəfərin arxasında minlərlə qəhrəmanlıq dastanı dayanır. Elə oğullarımız oldu ki, Vətəni yaşatmaq üçün öz ömürlərini fəda etdilər. Şəhidlərimiz Azərbaycanın müstəqillik tarixini qanları ilə yazdılar. Onların hər biri xalqımızın qəlbində əbədi yaşayır və gələcək nəsillərə vətən sevgisinin ən ali nümunəsi kimi örnək olur.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. Lakin onun əsl gücü müasir silahlarda deyil, Vətəni hər şeydən üstün tutan əsgərlərinin qəlbindədir. Çünki Azərbaycan əsgərinin ən qüdrətli silahı onun vətənpərvərliyi, xalqına və dövlətinə sonsuz sədaqətidir.
26 İyun – Silahlı Qüvvələr Günündə şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk. Qəhrəman Azərbaycan əsgəri var olduqca, üçrəngli bayrağımız daim yüksəklərdə dalğalanacaq, Vətənimiz etibarlı əllərdə olacaqdır.

Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı

Digər xəbərlər