Mətləb Salahov: “Bu mənzərə beynəlxalq hüquq sistemində diplomatiyanın güc və hədə ilə əvəzləndiyini göstərir”
“Hazırda ABŞ-İran danışıqlarını açıq-aşkar birtərəfli yumruq hədəsi ilə hansısa sənədə qol çəkdirmək cəhdi adlandırmaq olar. Çünki Ağ Evin iranlılardan tələbi Donald Tramp Administrasiyasının hazırladığı və birbaşa milyarder ABŞ rəhbərinin ticarət maraqlarına xidmət edən sənədə imza atmalarıdır. Əgər belə olmasaydı, dünən gecə iranlılar azı iki dəfə danışıqlar masasını tərk etməyə məcbur olmazdılar. Bu mənzərə beynəlxalq hüquq sistemində diplomatiyanın güc və hədə ilə əvəzləndiyini göstərir. Məsələ təkcə İranla bağlı deyil. ABŞ Administrasiyası artıq digər ölkələrə də eyni münasibəti sərgiləyir. Bu isə qətiyyən real və davamlı sülhə aparmır”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov diqqətə çatdırıb ki, ABŞ-İran danışıqlarının bərpası barədə Qətər və Pakistan dövlətinin birgə bəyanatında yekin sənədin 60 gün ərzində imzalanacağı deyilsə də, bu, konkret reallığa əsaslanmır. “Çünki D.Tramp siyasi deyil, sırf ticarət maraqları üçün mənasız bir müharibəyə baş qoşdu. Hətta təhrik edildi. Elə bir müharibə ki, nəticələri belə nəzərə alınmadı. Hazırda bütün dünya Hörmüz boğazındakı blokadaya görə dəhşətli şəkildə əziyyət çəkir, ticarət və qiymət baxımından milyonlarla insan acınacaqlı vəziyyətdədir. Lakin bunlar D.Trampı qətiyyən narahat etmir. O yalnız yumruq gücünə “sülh” yaratmağa çalışır. Bu isə uzun zaman davam edə bilməz”.
Afət Tahirqızı