İyunun 22-də Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində Məzun Günü keçirilib.SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb.Mərasimdə Aİİ-nin rektoru Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.Çıxışlarda ölkədə yüksəkixtisaslı dini kadrların hazırlanmasında Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, məzunlar təhsil müddətində qazandıqları bilik və bacarıqları cəmiyyətin inkişafına töhfə vermək istiqamətində uğurla tətbiq edəcəklər.Tədbir çərçivəsində tələbələrin ifasında Hüseyn Cavidnin “Vətən”, Əliağa Vahidin “Vətəndir” və Həmzə Nigarinin “Qarabağ” şeirləri əsasında hazırlanmış qəzəl kompozisiyası təqdim olunub.Daha sonra Aİİ-nin bakalavr və magistratura səviyyələri, eləcə də BİK-in məzunları adından çıxışlar dinlənilib. Məzunlar təhsil aldıqları müddətdə qazandıqları bilik və təcrübəyə görə müəllimlərinə və təhsil müəssisələrinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Azərbaycan İlahiyyat İnstitutunun əvvəlki illər üzrə məzunları da çıxış edərək tələbəlik illərinə dair xatirələrini bölüşüb, hazırda fəaliyyət göstərdikləri sahələrdə qazandıqları uğurlardan danışıb və gənc məzunlara tövsiyələrini çatdırıblar.Mərasimdə tələbələrin ifasında Əsmaül-Hüsna və Nizami Gəncəvinin “Minacat” əsəri əsasında hazırlanmış ilahi kompozisiya da təqdim olunub.Daha sonra məzun andı səsləndirilib.Tədbirin sonunda yüksək akademik göstəricilərlə fərqlənən məzunlar, elmi və ictimai fəaliyyətdə fəal iştirak edən müəllimlər və əməkdaşlar təltif olunublar. Sonda məzunlarla xatirə fotosu çəkdirilib.Qeyd edək ki, bu il Azərbaycan İlahiyyat İnstitutunun V, Bakı İlahiyyat Kollecinin isə I məzun buraxılışı həyata keçirilib.
Müəllif: Günay Hacıyeva