PDF Oxu

Siyasət

  • 1 326

"Azərbaycan və İordaniya arasında siyasi dialoq yeni mərhələyə yüksəlir" - POLİTOLOQ

image

"Prezident İlham Əliyevin İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etməsi Azərbaycan ilə İordaniya arasında mövcud olan siyasi dialoqun və qarşılıqlı münasibətlərin inkişafının növbəti göstəricisidir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Onun sözlərinə görə, bu görüş təkcə parlamentlərarası əlaqələr baxımından deyil, eyni zamanda iki ölkə arasında daha geniş strateji əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır: "Azərbaycan və İordaniya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və etimada əsaslanır. Hər iki ölkə İslam dünyasının üzvü olmaqla yanaşı, beynəlxalq platformalarda bir-birinə yaxın mövqelər nümayiş etdirir. Bu baxımdan yüksək səviyyəli görüşlər siyasi əlaqələrin möhkəmləndirilməsi, regional məsələlər üzrə fikir mübadiləsinin aparılması və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm vasitədir.Nümayəndələr Palatasının nümayəndə heyətinin Azərbaycana səfəri həm də parlament diplomatiyasının artan rolunun göstəricisidir. Belə ki, dövlətlərarası münasibətlər yalnız hökumətlərarası əlaqələrlə məhdudlaşmır, eyni şəkildə qanunverici orqanlar arasında təmaslar da xalqlar arasında yaxınlaşmaya, qarşılıqlı anlaşmanın güclənməsinə və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Parlamentlərarası əlaqələr xüsusilə iqtisadi, humanitar və mədəni layihələr üçün siyasi zəmin yaradır.Görüşün mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıq imkanlarıdır. Azərbaycan enerji, nəqliyyat, logistika və investisiya sahələrində mühüm regional mövqeyə malikdir. İordaniya isə Yaxın Şərqdə strateji coğrafi mövqeyi, sabit siyasi xətti və regional əlaqələri ilə seçilir. Bu baxımdan iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının artırılması və yeni birgə layihələrin həyata keçirilməsi üçün potensial mövcuddur.Eyni zamanda, Azərbaycan və İordaniyanın regional və qlobal çağırışlara yanaşmalarında müəyyən ortaq maraqlar mövcuddur. Yaxın Şərqdə təhlükəsizlik məsələləri, beynəlxalq hüququn prinsipləri və regional sabitlik kimi mövzular hər iki ölkə üçün əhəmiyyət daşıyır. Bu istiqamətdə siyasi dialoqun davam etdirilməsi qarşılıqlı mövqelərin daha yaxşı anlaşılmasına imkan verir.Görüş həm də Azərbaycanın İslam dünyasında fəal diplomatik siyasətinin bir hissəsi kimi dəyərləndirilə bilər. Azərbaycan müxtəlif müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verir və bu münasibətləri həm siyasi, həm də iqtisadi, humanitar və mədəni sahələrdə də genişləndirməyə çalışır.Ümumilikdə, Prezident İlham Əliyevin İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etməsi iki ölkə arasında əlaqələrin inkişaf dinamikasını nümayiş etdirən mühüm diplomatik hadisədir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər