"26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövlətinin müstəqillik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix yalnız hərbi bayram deyil, həm də Azərbaycan dövlətçiliyinin gücünü, milli təhlükəsizlik strategiyasının uğurunu və müstəqilliyimizin etibarlı təminatçısı olan ordumuzun keçdiyi şərəfli yolu ifadə edir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, məhz 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk nizami hərbi hissələrin yaradılması ilə milli ordu quruculuğunun təməli qoyulub:"Müstəqilliyin bərpasından sonra isə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan Ordusu pərakəndə silahlı dəstələrdən müasir və peşəkar hərbi quruma çevrilib.Son illər ərzində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoyub. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, ən müasir silah və texnologiyalarla təchiz olunması, peşəkar kadr hazırlığı sisteminin təkmilləşdirilməsi və müdafiə sənayesinin inkişafı ölkəmizin hərbi potensialını əhəmiyyətli dərəcədə artırıb. Bu siyasətin nəticələri xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərində özünü aydın şəkildə göstərdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, güclü koordinasiya və müasir döyüş qabiliyyəti nümayiş etdirərək ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi.Bu gün Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biri hesab olunur. Ordumuzun qazandığı uğurlar yalnız hərbi sahədə deyil, həm də siyasi və diplomatik müstəvidə Azərbaycanın mövqelərini gücləndirib. Güclü ordu faktoru ölkənin milli maraqlarının qorunmasında, regional təhlükəsizliyin təmin edilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynayır. Müasir beynəlxalq münasibətlər sistemində hərbi güc dövlətlərin strateji imkanlarını müəyyən edən əsas amillərdən biri olaraq qalır və Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlər əldə edib.Silahlı Qüvvələr Günü eyni zamanda xalq–ordu birliyinin təntənəsidir. Azərbaycan cəmiyyəti hər zaman öz ordusunun yanında olub və bu həmrəylik ölkəmizin əldə etdiyi tarixi qələbələrin mühüm sütunlarından birinə çevrilib. Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbi qulluqçularımızın peşəkarlığı dövlətimizin təhlükəsizliyinin əsas təminatıdır. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır və onların göstərdiyi igidlik gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.26 İyun münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları və hərbi xidmətçilərini təbrik edir, Silahlı Qüvvələrimizin ölkəmizin təhlükəsizliyi, sabitliyi və inkişafı naminə bundan sonra da böyük uğurlara imza atacağına əminliyimizi ifadə edirik. Güclü dövlət, güclü ordu prinsipi bu gün də Azərbaycanın strateji inkişaf xəttinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və milli birliyimizin ən etibarlı təminatçısıdır".
Müəllif: Günel Fərzəliyeva