“Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir. İkitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmən xalqına ünvanladığı bu sözlər ölkəmizə dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun keçirdiyi görüşlərdə, imzaladığı ikitərəfli sənədlərdə də öz təsdiqini tapdı.Prezidentlərin təkbətək görüşündən sonra “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması münasibətlərdə yeni çalarları əks etdirir. Qeyd olunub ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Bu, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.İki ölkə arasında imzalanmış sənədlərin İlham Əliyevin və Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün Texniki şərtlər”, “Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Hökumətlər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı”adlı sənədləri mübadilə ediblər.Sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib. Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu deyib.Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanacaq sənədlərin əhəmiyyətinə də toxundu, bunu, münasibətlərimizin geniş gündəliyinin göstəricisi kimi qiymətləndirib. Dövlətimizin başçısı Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib. Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını deyib.Görüşdə çıxış edən Prezident Sərdar Berdiməhəmmədov səmimi qəbula, göstərilən qonaqpərvərliyə və Azərbaycana dövlət səfərinə dəvətə görə minnətdarlığını bildirib. Sərdar Berdiməhəmmədov beynəlxalq arenada, həmçinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ali qonaq Azərbaycanın Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyərək, eyni zamanda, Türkmənistanın da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini qeyd etdi, bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirib.Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib. Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını deyib.Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov vurğuladı ki, ölkələrimiz, həmçinin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir. Ali qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açdığını deyib. Türkmənistan Prezidenti səfərinin ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacağına əminliyini bildirib, dövlətimizin başçısına fəaliyyətində yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzulayıb.
Bu gün və perspektivlər
Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi, mədəni və etnik yaxınlıq, ortaq türk kökləri, eləcə də Xəzər hövzəsində yerləşmələri iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini formalaşdırır. Müstəqillik dövründə tərəflər siyasi dialoqu, iqtisadi əlaqələri və regional əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirib, xüsusilə son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər regionun geosiyasi və geoiqtisadi mənzərəsində mühüm rol oynamağa başlayıb. Hazırda Azərbaycan və Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçıları və yüksək səviyyəli rəsmilər arasında intensiv təmaslar siyasi dialoqun davamlı xarakter aldığını göstərir. 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Bəyannamə iki ölkə arasında əməkdaşlığın hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib.İqtisadi əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin genişləndirilməsi iqtisadi əməkdaşlığın inkişafına təkan verir. Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə işlənməsi Azərbaycan–Türkmənistan əməkdaşlığının ən uğurlu nümunələrindən hesab olunur. Bu layihə iki ölkə arasında enerji sahəsində qarşılıqlı etimadın möhkəmlənməsinə və regional enerji təhlükəsizliyinin güclənməsinə xidmət edir. Nəqliyyat və logistika sahəsində də mühüm nailiyyətlər əldə olunub. Azərbaycanın Şərq-Qərb və Orta Dəhliz layihələrində oynadığı rol Türkmənistan üçün Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Bakı–Türkmənbaşı marşrutu üzrə yükdaşımaların artması, həmçinin Lapis-Lazuli və Aşqabad Sazişi çərçivəsində əməkdaşlıq regional tranzit potensialını artırır.Azərbaycan–Türkmənistan münasibətlərinin gələcək perspektivləri kifayət qədər genişdir. İlk növbədə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi gözlənilir. Türkmənistanın zəngin təbii qaz ehtiyatları ilə Azərbaycanın enerji infrastrukturu və beynəlxalq enerji layihələrindəki təcrübəsinin birləşdirilməsi hər iki ölkə üçün yeni imkanlar yarada bilər. Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çıxarılmasında tərəflərin əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin inkişafı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacaqdır. Bundan əlavə, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, sənaye kooperasiyası və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün də geniş potensial mövcuddur. Hər iki ölkənin regional təşkilatlar çərçivəsində, xüsusilə türk dövlətləri arasında əməkdaşlığın inkişafına verdiyi önəm yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradır.Nəticə etibarilə, Azərbaycan və Türkmənistan arasında münasibətlər hazırda yüksələn xətt üzrə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri, ticarət əlaqələri və humanitar sahədə əməkdaşlıq iki ölkənin yaxınlaşmasını daha da sürətləndirir. Mövcud potensial və qarşılıqlı siyasi iradə nəzərə alındıqda, Azərbaycan–Türkmənistan münasibətlərinin gələcəkdə daha da genişlənəcəyi, regionda sabitliyin və iqtisadi inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Mehriban qonşuluq və əməkdaşlıq
Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələri daha da güclənir, bir çox sahələrdə uğurla əməkdaşlıq mövcuddur və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. İkitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul vermək prioritet məsələlər sırasındadır. Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edib: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.Azərbaycanla Türkmənistan möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazırdırlar. İki ölkə bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.
Ortaq maraqlar - Transxəzər
Avropa İttifaqının 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını tamamilə dayandırmaq niyyəti ilə əlaqədar olaraq, Brüssel Rusiya qazı üçün əvəzləyici tapmağa imkan verəcək bir neçə potensial mənbənin adını çəkir, o cümlədən Azərbaycan və dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik Türkmənistan. Azərbaycan öz qazını Avropaya çatdırmaqda Türkmənistan üçün “qapı” olmağa hazırdır. Əlverişli coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə Türkmənistan regionun inkişaf etməkdə olan logistika və enerji arxitekturasında ən mühüm mövqe tutmağa çalışır. Xəzər region burada öz təsirini gücləndirmək planlarından əl çəkməyən Qərbin diqqət mərkəzindədir. 2025-ci il may ayının sonunda ABŞ dövlət katibi Marko Rubio Türkmənistan qazını Avropa bazarına çatdırmaq üçün Türkmənistanı Azərbaycanla birləşdirməli olan transxəzər qaz kəmərinin tikintisi layihəsinə ABŞ administrasiyasının dəstəyini bir daha bəyan edib. Vaşinqton Xəzəryanı dövlətlərin Qərb ölkələrinin maraqları sferasında iştirakını artırmalı olan yeni boru kəməri layihələrini irəli sürüb.Azərbaycan və Türkmənistan arasında mövcud olan münasibətlər tarixi, mədəni və etnik bağlılıqlara əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu kontekstdə Türkmənistan Prezidentinin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir. Sözügedən səfər, təkcə iqtisadi və əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda mədəni, humanitar, elmi və intellektual istiqamətlərin də müzakirə olunduğu çoxtərəfli bir dialoq platforması kimi qiymətləndirilir. Nəticə etibarilə, bu səfər Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələnin davamı kimi xarakterizə oluna bilər.
V.VƏLİLİ