Hər il 26 iyun tarixində Azərbaycan xalqı böyük qürur hissi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeyd edir. Bu əlamətdar gün dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olan Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, əldə olunan uğurları dəyərləndirmək və qəhrəman hərbçilərimizin xidmətlərini ehtiramla yad etmək üçün mühüm fürsətdir.
Milli Ordunun yaranması və tarixi köklərinə nəzər salsaq Azərbaycanın müasir ordu quruculuğunun zəngin tarixi ənənələrə əsaslandığını görərik. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmış və bununla da milli ordunun formalaşdırılması istiqamətində mühüm addım atılmışdır. Məhz bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü milli ordunun formalaşdırılması prosesinə ciddi maneələr yaradırdı. Vahid komandanlıq sisteminin olmaması, nizami hərbi hissələrin kifayət qədər təşkilatlanmaması və idarəetmədəki çatışmazlıqlar ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərirdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamətlərdən biri elan etdi. Məhz onun rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və peşəkar orduya çevrilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildi. Heydər Əliyevin uzaqgörənliyi, qətiyyətli siyasəti nəticəsində müasir Azərbaycan Ordusunun təməli qoyuldu
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətində silahlı qüvvələrdə vahid komandanlıq sisteminin yaradılması, könüllü silahlı dəstələrin ləğv edilərək nizami ordu strukturuna inteqrasiya olunması, hərbi intizamın və idarəetmənin gücləndirilməsi, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və milli zabit kadrlarının hazırlanması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi kimi əsas istiqamətlər yer alırdı. 1994-cü ilin may ayında Ermənistan ilə atəşkəs sazişinin əldə olunması ordunun yenidən təşkili və gücləndirilməsi üçün əlverişli şərait yaratdı. Ulu öndərin təşəbbüsü ilə hərbi məktəblərin fəaliyyəti genişləndirildi, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Azərbaycanda müasir, peşəkar və dövlətə sədaqətli zabit korpusunun formalaşdırılması məhz həmin dövrdə əsaslı şəkildə təmin edildi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, dövlətin müstəqilliyinin əsas təminatçılarından biri güclü ordudur. Onun müəyyən etdiyi strateji xətt sonrakı dövrdə də uğurla davam etdirildi və Azərbaycan Ordusunun inkişafının möhkəm təməlini təşkil etdi.
Bu gün də Prezident İlham Əliyevin ordu siyasətinin əsasında güclü dövlətin güclü ordusu prinsipi dayanır. Belə ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ulu öndərin müəyyən etdiyi siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğurla davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirildi, hərbi xərclər dəfələrlə artırıldı və ordumuz dünyanın ən müasir silah və texnikaları ilə təchiz edildi.
Dövlət başçısının həyata keçirdiyi bu siyasət ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silah sistemlərinin alınması və yerli hərbi sənaye potensialının inkişaf etdirilməsi, xüsusi təyinatlı qüvvələrin hazırlıq səviyyəsinin artırılması, müntəzəm hərbi təlimlərin keçirilməsi və döyüş hazırlığının təkmilləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq və öz ərazi bütövlüyünü təmin etmək hüququnu özündə saxlayır. Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və peşəkarlığını nümayiş etdirdi. Bu uğurlar gələcək böyük Zəfərin xəbərçisi idi.
Və nəhayət, 44 günlük Vətən müharibəsi – Zəfər salnaməsi tarixə yazıldı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən birinə çevrildi.
44 gün davam edən döyüşlər zamanı Azərbaycan ordusu yüksək peşəkarlıq, müasir taktika və güclü döyüş ruhu nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, yüzlərlə kənd və strateji yüksəkliklər düşmən işğalından təmizləndi.
Müharibənin zirvə nöqtəsi isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Şuşanın işğaldan azad olunması Ermənistanın hərbi-siyasi məğlubiyyətini qaçılmaz etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə Azərbaycan öz tarixi qələbəsini rəsmiləşdirdi.
Bu Zəfər təsadüfi deyildi. O, uzun illər ərzində həyata keçirilən düşünülmüş dövlət siyasətinin, Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu strategiyasının və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin məntiqi nəticəsi idi. Azərbaycan əsgəri və zabiti döyüş meydanında göstərdi ki, Vətən uğrunda canından keçməyə hazır olan xalqı heç bir qüvvə məğlub edə bilməz.
Antiterror tədbirlərilə tam suverenliyin bərpası təmin olundu. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazilərində tam şəkildə təmin etdi. Qısa müddətdə həyata keçirilən uğurlu əməliyyatlar bir daha Azərbaycan Ordusunun yüksək hazırlıq səviyyəsini, peşəkarlığını və müasir döyüş imkanlarını nümayiş etdirdi.
Beləliklə, ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazilərində dövlət suverenliyi tam bərpa olundu və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bütün bunların fonunda qürurla deməliyik ki, 26 iyun Silahlı Qüvvələr Günü – qəhrəmanlara ehtiram günüdür. Bu gün Azərbaycan Ordusu təkcə ölkəmizin təhlükəsizliyinin qarantı deyil, həm də xalqımızın milli qürur mənbəyidir. Dövlətimiz tərəfindən şəhidlərimizin müqəddəs xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin qəhrəmanlığı yüksək qiymətləndirilir, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı, şəhid ailələrini və Azərbaycan xalqını ürəkdən təbrik edir, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla anırıq.
Bu gün qalib Azərbaycanın güclü ordusu Heydər Əliyevin uzaqgörən dövlətçilik ideyalarının, Prezident İlham Əliyevin uğurlu ordu siyasətinin və xalq–ordu birliyinin təntənəsidir. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olaraq şərəfli missiyasını layiqincə davam etdirəcək.
Nərminə Qədirova
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi