Prezident İlham Əliyev: “Bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil”
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Son illərin siyasi mənzərəsi ondan ibarətdir ki, respublikamızın Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri daha da genişlənib, yeni istiqamətləri əhatə edib. Bu da xalqımızın sözügedən dövlətlərin xalqları ilə ortaq dəyərləri bölüşməsindən irəli gəlir. Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Hər iki xalq həm də XX əsrdə eyni taleyi bölüşüblər. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il iyun ayında yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır. Xüsusən son illər Azərbaycan-Türkmənistan əlaqələrinin daha da inkişafı baxımından mühüm mərhələ hesab oluna bilər. Bu illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və digər yüksəksəviyyəli rəsmilərin səfərləri daha da intensiv xarakter alıb. Səfərlər çərcivəsində imzalanan sənədlər regional əməkdaşlığı gücləndirib. Bildiyimiz kimi, iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Təkbətək, həm də geniş tərkibdə danışıqlar aparılıb, ikitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edilib və əməkdaşlığın gələcək inkişafı yolları müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub. Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu deyib. Dövlətimizin başçısı Türkmənistan nümayəndə heyətinin üzvlərinin səfər çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli müzakirələr aparacaqlarına əminliyini bildirib. Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu bildirib. Türkmənistanda Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində yaradıcı kollektivlərimizə göstərilən qonaqpərvərliyə görə türkmən tərəfinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı ötən il ölkəmizdə Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladaraq, humanitar sahədə belə dinamik əməkdaşlığın təbii olduğunu vurğulayıb.
“ƏMƏKDAŞLIQ ARTIQ UZUNMÜDDƏTLİ XARAKTER DAŞIYIR”
Azərbaycan və Türkmənistan arasında hüquqi-normativ baza da kifayət qədər geniş və əhatəlidir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənədin imzalanması əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. Bu sənəd bazasının daha da genişləndirilməsi isə 2026-cı il iyunun 22-də Sərdar Berdiməhəmmədovun Azərbaycana ilk dövlət səfəri çərçivəsində baş tutub. Bu tarixi səfərin iki ölkə arasında gələcək əməkdaşlığın prioritetlərini müəyyən edən yeni fəaliyyət proqramı formalaşdıracağına xidmət edir. Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar. Daha sonra “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”u, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” və başqa cənədlər imzalanıb.
Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir. Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusən enerji və nəqliyyat sahələrində son illərdə daha da inkişaf edib. Hər iki dövlət enerji təhlükəsizliyinin və nəqliyyat dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən sahələrə sərmayələr yatırırlar. Türkmənistan özünün karbohidrogen ehtiyatlarını həm də Azərbaycanın enerji dəhlizləri vasitəsilə ixrac edir. “Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir”. Bu sözləri Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir”.
“TÜRKMƏNİSTANIN NEYTRALLIQ SİYASƏTİNİ HƏMİŞƏ DƏSTƏKLƏMİŞİK VƏ DƏSTƏKLƏMƏYƏ DAVAM EDƏCƏYİK”
Nəqliyyat sahəsində əməkdaşlıq isə Orta dəhlizin də inkişafına təkan verir. Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycandan keçir. Bu, həm də Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrut hesab olunur. Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də hər iki ölkənin yeni logistika infrastrukturları yaratması həm qarşılıqlı ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırıb, həm də yüklərin daşınma müddətini önəmli dərəcədə azaldıb.
Müasir beynəlxalq münasibətlər sistemində yeni regional güc mərkəzlərinin formalaşması fonunda Azərbaycanın Mərkəzi Asiya regionu, xüsusən də geostrateji tərəfdaşı olan Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr müstəsna əhəmiyyət kəsb edir. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.
Bununla yanaşı, Azərbaycan və Türkmənistanın beynəlxalq münasibətlər sistemində neytrallıq siyasətinə sadiqliyi də ortaq strateji mövqelərdən biri kimi çıxış edir. Hər iki dövlətin bu prinsipə ardıcıl şəkildə hörmətlə yanaşması ikitərəfli münasibətlərin sabitliyini və qarşılıqlı etimad mühitini daha da gücləndirən əsas amillərdən sayılır. “Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik”, - deyə Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında bildirib. İmzalanmış sənədlər, əldə olunmuş razılaşma və nümayiş etdirilən siyasi iradə Azərbaycan və Türkmənistan arasındakı strateji tərəfdaşlığı daha da dərinləşdirəcək, iqtisadi əməkdaşlığı genişləndirəcəkdir.
Zümrüd BAYRAMOVA