PDF Oxu

Siyasət

  • 572

Azərbaycan Ordusu – qələbədən güc alan müasir ordu

image

Azərbaycan xalqı hər il 26 İyun – Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd edir. Bu əlamətdar tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə milli ordumuzun əsasının qoyulması ilə bağlıdır. Dövlət müstəqilliyimizin qorunmasında, ərazi bütövlüyümüzün təmin edilməsində və xalqımızın təhlükəsizliyinin müdafiəsində Azərbaycan Ordusunun müstəsna xidmətləri vardır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”. Bu fikirlər müasir Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunun ən dolğun ifadəsidir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirildi, nizami və peşəkar hərbi sistem formalaşdırıldı. Milli Ordunun möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan Ordusunun maddi-texniki bazası daha da gücləndirildi, ən müasir silah və texnika ilə təchiz olundu, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi. Ordumuzun döyüş hazırlığı, peşəkarlığı və idarəetmə sistemi beynəlxalq standartlara uyğun səviyyəyə yüksəldi. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü hərbi qüvvəsinə çevrildi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu şanlı Qələbə xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.

2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyimizin tam bərpasını təmin etdi. Beləliklə, Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək tariximizin ən şanlı səhifələrini yazdı.

Bu gün hər bir azərbaycanlı güclü ordusu ilə fəxr edir. Azərbaycanın hərbi qüdrəti ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının əsas təminatlarından biridir. Ordumuzun qazandığı uğurlar dövlətimizin gücünü, xalqımızın birliyini və milli həmrəyliyini nümayiş etdirir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və ordumuzun şəxsi heyətini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar arzulayıram. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin maraqlarını etibarlı şəkildə qoruyacaq, xalqımızın təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanacaqdır.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın qalib Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan!

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər