Azərbaycanda hərbi xidmətə çağırış işlərinin vəziyyəti dəfələrlə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müvafiq vəzifəli şəxslərin iştirakı ilə müzakirə olundu, lazımi qərarlar qəbul edildi. Respublika daxilində də gənclərin hərbi ixtisaslara marağı artırıldı. Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. Bütün bunların nəticəsində həm gənclərin hərbi xidmətə çağırış işi təkmilləşdirildi, həm də azərbaycanlıların xüsusi ixtisas hazırlığı verən hərbi hissələrə göndərilməsi artdı.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu və bunu özü də məmnunluqla xatırlayırdı. Ulu Öndər bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi.Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini, Sovet dövründə milli zabit kadrların hazırlanması təşkil edirdi. Bu sahədəki fəaliyyət Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli və yaddaqalan bir səhifədir və Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin necə böyük uzaqgörən olduğu bir daha öz təsdiqini tapdı.Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Biri Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, digəri isə Bakı Ali Hərbi Dənizçilik Məktəbidir.
Müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.
Elməddin Abbasov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı