Hər il 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqı tərəfindən böyük qürur və ehtiram hissi ilə qeyd olunur. Prezident İlham Əliyevin “Bizim ordumuz bizim qürurumuzdur” tezisi məhz Azərbaycan Silahlı Qüvvələrinin dövlətçilik tariximizdə tutduğu müstəsna yeri və qazandığı böyük uğurları özündə əks etdirir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilmişdir. Son illər ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin yüksəldilməsi, peşəkar kadr hazırlığının təkmilləşdirilməsi və qoşunların ən müasir texnika ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Nəticədə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulamışdır ki, güclü dövlətin güclü ordusu olmalıdır. Məhz bu prinsip əsasında həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Ordumuzun müxtəlif qoşun növlərinin müasir silah sistemləri ilə təchiz olunması, beynəlxalq təcrübənin öyrənilməsi və hərbi təlimlərin intensivləşdirilməsi Azərbaycan əsgərinin peşəkarlığını daha da yüksəltmişdir. Azərbaycan Ordusunun gücü və peşəkarlığı xüsusilə Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə yalnız hərbi uğur deyil, həm də xalqımızın milli birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun yüksək döyüş hazırlığının təntənəsi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunan tarixi Qələbə Azərbaycan hərbçilərinin qəhrəmanlığı, vətənpərvərliyi və peşəkarlığı sayəsində mümkün olmuşdur. Müharibədən sonrakı dövrdə də Azərbaycan Ordusunun inkişafı davam etdirilir. Yeni komando birliklərinin yaradılması, hərbi idarəetmə sisteminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Silahlı Qüvvələrimizin daha da güclənməsinə xidmət edir. Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, eyni zamanda regionda sülhün və sabitliyin qorunmasına töhfə verən mühüm amildir. Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir və onunla fəxr edir. Çünki bu ordu dövlətimizin müstəqilliyini qoruyan, xalqımızın təhlükəsizliyini təmin edən, torpaqlarımızı işğaldan azad edən qalib ordudur. Prezident İlham Əliyevin “Bizim ordumuz bizim qürurumuzdur” fikri bu gün hər bir azərbaycanlının ürəyindən gələn qürur hissinin ifadəsinə çevrilmişdir. Güclü dövlət, yenilməz ordu və xalq-hakimiyyət birliyi Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır.
Səyyad Mirzəyev,
YAP Ağdam rayon təşkilatının əməkdaşı