PDF Oxu

Siyasət

  • 569

Azərbaycan Ordusu – qəhrəmanlıq və qələbə salnaməsi - ŞƏRH

image

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın şanlı hərb tarixinin, dövlətçilik ənənələrinin və milli qürurunun təcəssümüdür. Bu əlamətdar gün Azərbaycan əsgərinin qəhrəmanlığını, zabitlərimizin fədakarlığını, dövlətimizin hərbi qüdrətini və xalq-ordu birliyinin sarsılmazlığını ifadə edir. Silahlı Qüvvələr Günü yalnız peşə bayramı deyil, həm də Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında müstəsna xidmətləri olan Azərbaycan Ordusuna ümumxalq ehtiramının ifadəsidir.

Azərbaycan xalqı tarix boyu zəngin hərbi ənənələrə malik olmuş, öz torpaqlarını və dövlətçiliyini qorumaq uğrunda saysız-hesabsız qəhrəmanlıq nümunələri yaratmışdır. Babəkdən Cavanşirə, Şah İsmayıl Xətaidən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun əsgər və zabitlərinə qədər uzanan şərəfli döyüş yolu xalqımızın milli yaddaşında xüsusi yer tutur. Məhz bu tarixi ənənələr müasir Azərbaycan Ordusunun formalaşmasının mənəvi və ideoloji əsaslarını təşkil edir.

1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi milli ordunun yaradılmasını müəyyən etmişdir. 1918-ci il iyunun 26-da qəbul edilmiş qərarla Əlahiddə Azərbaycan Korpusu yaradılmış və bununla da milli ordumuzun əsası qoyulmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli hərbi quruculuq sahəsində mühüm nailiyyətlər əldə etmiş, peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində ciddi addımlar atmışdır. Bu səbəbdən 26 iyun tarixi müasir Azərbaycan dövlətində Silahlı Qüvvələr Günü kimi qeyd edilir.

Sovet hakimiyyəti illərində Azərbaycan xalqının müstəqil ordu quruculuğu imkanları məhdudlaşdırılsa da, xalqımızın hərbi ruhu və vətənpərvərlik ənənələri qorunub saxlanılmışdır. Azərbaycanlı hərbçilər İkinci Dünya müharibəsində və digər dövrlərdə böyük qəhrəmanlıqlar göstərərək xalqımızın döyüşkən ruhunu nümayiş etdirmişlər.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikası yeni geosiyasi reallıqlarla və ciddi təhlükələrlə üzləşdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, ölkədə hökm sürən siyasi qeyri-sabitlik və hərbi idarəetmədə mövcud problemlər ordunun formalaşdırılması prosesini çətinləşdirirdi. Lakin Azərbaycan xalqının iradəsi və dövlətçilik maraqları güclü ordunun yaradılmasını tarixi zərurətə çevirmişdi.

Azərbaycan Ordusunun müasir əsaslar üzərində formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, dövlətçiliyin əsaslarını möhkəmləndirdi və ordu quruculuğunu prioritet dövlət siyasətinə çevirdi. Məhz onun rəhbərliyi ilə nizami ordu quruculuğu istiqamətində fundamental islahatlar həyata keçirildi, vahid komandanlıq sistemi yaradıldı, hərbi hissələrin döyüş hazırlığı gücləndirildi və hərbi intizam möhkəmləndirildi.

1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra Azərbaycan Ordusunun inkişafı üçün əlverişli şərait yarandı. Sonrakı illərdə hərbi təhsil sisteminin təkmilləşdirilməsi, müasir silah və texnikanın alınması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət başçısının rəhbərliyi altında müdafiə sənayesi kompleksi yaradıldı, hərbi büdcə dəfələrlə artırıldı, ən müasir texnologiyalar və silah sistemləri ordunun arsenalına daxil edildi. Müasir pilotsuz uçuş aparatları, raket sistemləri, elektron müharibə vasitələri və digər yüksək texnologiyalı hərbi vasitələr Azərbaycan Ordusunun imkanlarını əhəmiyyətli dərəcədə artırdı.

Azərbaycan xalqının ən böyük qürur mənbələrindən biri olan 44 günlük Vətən müharibəsi müasir tariximizin ən şanlı səhifəsidir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu cəmi 44 gün ərzində dünyanın aparıcı hərbi ekspertlərini heyrətləndirən möhtəşəm qələbə qazandı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini və yüzlərlə kəndi işğaldan azad etdi. Müharibənin zirvə nöqtəsi isə Şuşa şəhərinin azad olunması oldu. Azərbaycan hərbçilərinin misilsiz qəhrəmanlığı, peşəkarlığı və vətən sevgisi nəticəsində Şuşa şəhəri düşməndən təmizləndi və bu tarixi uğur Ermənistanın kapitulyasiya aktını imzalamasını şərtləndirdi.

Vətən müharibəsində əldə edilmiş qələbə yalnız hərbi zəfər deyil, həm də tarixi ədalətin bərpası idi. Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoydu, BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrinin tələblərini öz gücü hesabına yerinə yetirdi və beynəlxalq hüququn aliliyini təmin etdi.

44 günlük müharibə dövründə bütün dünyada geniş yayılan və Azərbaycan xalqının iradəsini ifadə edən "Dəmir Yumruq" ifadəsi milli həmrəyliyin və qələbə əzminin simvoluna çevrildi. "Dəmir Yumruq" yalnız hərbi gücü deyil, dövlətin, xalqın və ordunun bir məqsəd ətrafında sıx birləşməsini ifadə edirdi. Bu birlik düşmənin bütün planlarını alt-üst etdi və Azərbaycanın tarixi Zəfərini təmin etdi.

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı, regionda yeni geosiyasi reallıqlar yaratdı və ölkəmizin lider dövlət kimi mövqeyini möhkəmləndirdi. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı, "Böyük Qayıdış" proqramı həyata keçirilməyə başladı.

2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Qısa müddətdə və yüksək peşəkarlıqla həyata keçirilən əməliyyatlar Azərbaycan Ordusunun döyüş hazırlığının, texnoloji üstünlüyünün və peşəkar idarəetmə sisteminin növbəti parlaq nümunəsi oldu. Bununla da Azərbaycan öz dövlət suverenliyini və konstitusiya quruluşunu bütün ərazilərində tam şəkildə təmin etdi.

Bu gün Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının əsas təminatçısıdır. Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, yeni texnologiyaların tətbiqi və hərbi potensialın gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Azərbaycan əsgəri bu gün təkcə dövlət sərhədlərimizin keşiyində dayanmır, həm də xalqımızın qürurunu, milli ləyaqətini və dövlətimizin gələcəyini qoruyur.

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, hərbi qulluqçularını, veteranları və ehtiyatda olan zabitləri ürəkdən təbrik edir, Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində Azərbaycan bu gün qalib, güclü və suveren dövlətdir.

Qoy Azərbaycan əsgərinin gücü, Azərbaycan zabitinin qətiyyəti və Azərbaycan xalqının birliyi daim sarsılmaz olsun.

Çinarə Nəbiyeva

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə

ərazi partiya təşkilatının fəal üzvü

Digər xəbərlər