PDF Oxu

Siyasət

  • 476

Azərbaycan ordusu: gücün, qələbənin və dövlətçilik iradəsinin təcəssümü - ŞƏRH

image

Hər il iyunun 26-da Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə Silahlı Qüvvələr Gününü qeyd edir. Bu əlamətdar tarix ölkəmizin müdafiə qüdrətinin əsas dayağı olan Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun qazandığı uğurları dəyərləndirmək və Vətən uğrunda xidmət göstərən hərbçilərimizə ehtiramımızı ifadə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Müstəqil dövlətin mövcudluğu, təhlükəsizliyi və gələcəyi ilk növbədə onun güclü silahlı qüvvələrindən asılıdır. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra bu həqiqəti rəhbər tutaraq milli ordu quruculuğunu dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevirmişdir. Bu gün regionun ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin formalaşması uzun və çətin, eyni zamanda şərəfli inkişaf mərhələlərindən keçmişdir.
Azərbaycanın milli hərbi ənənələrinin əsası XX əsrin əvvəllərində qoyulmuşdur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli ordunun təşkili istiqamətində ilk ciddi addım atıldı. Məhz həmin tarixi hadisə müasir Azərbaycan Ordusunun başlanğıcı hesab edilir. Dövlətçilik tariximizdə bu günün xüsusi yerini nəzərə alan ümummilli lider Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla 26 iyun tarixini Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan etdi.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü ordu quruculuğu prosesini ciddi şəkildə çətinləşdirirdi. Həmin dövrdə nizami ordunun tam formalaşmaması, müxtəlif silahlı qruplaşmaların mövcudluğu və vahid idarəetmə sisteminin olmaması müdafiə qabiliyyətinə mənfi təsir göstərirdi. Dövlətçiliyin taleyi təhlükə qarşısında idi.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkənin xilası ilə yanaşı, güclü ordu quruculuğunu da əsas vəzifələrdən biri kimi müəyyənləşdirdi. Məhz onun siyasi iradəsi və uzaqgörən rəhbərliyi nəticəsində Silahlı Qüvvələrin təşkilatlanması istiqamətində fundamental islahatlara start verildi.
Ümummilli Lider qısa müddət ərzində orduda vahid komandanlıq sisteminin formalaşdırılmasına nail oldu, pərakəndə silahlı dəstələrin fəaliyyətinə son qoyuldu və onlar nizami ordu sıralarına inteqrasiya edildi. Hərbi intizamın möhkəmləndirilməsi, peşəkar zabit kadrlarının hazırlanması, hərbi təhsil sisteminin inkişaf etdirilməsi və beynəlxalq hərbi əlaqələrin qurulması həmin dövrün əsas prioritetləri idi.
1994-cü ilin may ayında əldə olunmuş atəşkəs ölkənin müdafiə potensialının gücləndirilməsi üçün yeni imkanlar yaratdı. Bu mərhələdə hərbi məktəblərin fəaliyyəti genişləndirildi, milli zabit korpusunun formalaşdırılmasına xüsusi diqqət ayrıldı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Heydər Əliyev dəfələrlə bildirirdi ki, dövlət müstəqilliyinin qorunmasının əsas şərtlərindən biri güclü ordunun mövcudluğudur. Onun müəyyən etdiyi strateji inkişaf kursu sonrakı illərdə Azərbaycan Ordusunun daha da güclənməsi üçün möhkəm təməl rolunu oynadı.
2003-cü ildən etibarən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin siyasi xətti ardıcıl şəkildə davam etdirildi və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Bu illər ərzində müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırıldı, ordumuz dünyanın ən müasir silah və hərbi texnikaları ilə təchiz edildi. Eyni zamanda yerli hərbi sənaye kompleksinin inkişafına xüsusi önəm verildi, yeni müdafiə sənayesi müəssisələri yaradıldı və bir sıra hərbi məhsulların ölkə daxilində istehsalına başlanıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində xüsusi təyinatlı qüvvələrin hazırlıq səviyyəsi yüksəldildi, beynəlxalq standartlara uyğun hərbi təlimlər təşkil olundu, döyüş hazırlığı daim təkmilləşdirildi. Hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli istiqamətində də mühüm tədbirlər görüldü.
Azərbaycan Ordusunun artan gücü özünü ilk növbədə döyüş meydanında göstərməyə başladı. 2016-cı ilin Aprel döyüşləri işğal altında olan torpaqların azad edilə biləcəyini nümayiş etdirdi. 2018-ci ildə həyata keçirilən Günnüt əməliyyatı isə ordumuzun peşəkarlığını və strateji üstünlüyünü bir daha sübut etdi. Bu uğurlar sonrakı böyük Qələbənin əsas təməl daşları oldu.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni qəhrəmanlıq salnaməsi yazdı. Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanmış əks-hücum əməliyyatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildi.
44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu müasir hərb tarixinin ən uğurlu əməliyyatlarından birini həyata keçirdi. Ordumuz peşəkarlıq, yüksək döyüş ruhu və müasir taktiki yanaşma nümayiş etdirərək işğal altındakı ərazilərimizi azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərinin, eləcə də yüzlərlə yaşayış məntəqəsinin azad olunması tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu.
Müharibənin kulminasiya nöqtəsi isə Şuşa şəhərinin azad edilməsi idi. 2020-ci il noyabrın 8-də əldə olunan bu möhtəşəm Zəfər Ermənistanın hərbi-siyasi məğlubiyyətini qaçılmaz etdi. Nəticədə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Azərbaycan öz tarixi Qələbəsini beynəlxalq müstəvidə rəsmiləşdirdi.
Bu böyük Zəfərin arxasında illərlə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, ardıcıl ordu quruculuğu prosesi, xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi dayanırdı. Azərbaycan əsgəri və zabiti döyüş meydanında sübut etdi ki, Vətən sevgisi və milli ruh qarşısında heç bir maneə dayana bilməz.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkəmizin dövlət suverenliyinin tam bərpasını təmin etdi. Cəmi bir neçə saat ərzində həyata keçirilən uğurlu əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığını, texnoloji üstünlüyünü və yüksək döyüş hazırlığını növbəti dəfə nümayiş etdirdi.
Beləliklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində dövlət hakimiyyəti və konstitusiya quruluşu tam bərpa olundu. Bununla da ölkəmiz yeni inkişaf və quruculuq mərhələsinə qədəm qoydu.
Bu gün Azərbaycan Ordusu yalnız dövlət sərhədlərimizin keşiyində dayanan silahlı qüvvə deyil, həm də xalqımızın qürur mənbəyi, müstəqilliyimizin etibarlı dayağıdır. Şəhidlərimizin müqəddəs xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin igidliyi yüksək qiymətləndirilir, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Bu gün həm qəhrəman əsgər və zabitlərimizə minnətdarlıq, həm də dövlətimizin gücünün və xalqımızın birliyinin təntənəsidir.
Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı, şəhid ailələrini və xalqımızı səmimi qəlbdən təbrik edir, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi qarşısında baş əyirik.
Bu gün qalib Azərbaycanın qüdrətli Ordusu Heydər Əliyev siyasi irsinin, Prezident İlham Əliyevin uğurlu hərbi strategiyasının və xalq-ordu birliyinin ən parlaq təcəssümüdür. Şübhəsiz ki, Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün keşiyində inamla dayanacaq, öz şərəfli missiyasını layiqincə davam etdirəcəkdir.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər