1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Sonra – dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Hərb sahəsində ilk uğur sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçilər repressiyaya məruz qaldı.
Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur.
1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gətirildi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Azərbaycan Ordusunun gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilmiş, şəxsi heyətin peşəkarlığı artırılmış, müasir silah və texnologiyalarla təminatı gücləndirilmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri hesab olunur.
Azərbaycan əsgəri hər zaman Vətənə sədaqət, xalqına xidmət və qəhrəmanlıq nümunəsi göstərmişdir. Xüsusilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlərimizin və qazilərimizin göstərdiyi igidlik xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların şücaəti gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.
Silahlı Qüvvələr Günü yalnız hərbçilərin deyil, bütün xalqın bayramıdır. Bu gün biz Vətənimizin təhlükəsizliyi naminə xidmət edən hər bir əsgərə, zabitə və hərbi qulluqçuya dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq və uzun ömür arzulayırıq.
Qüdrətli ordu güclü dövlətin əsas dayaqlarından biridir. Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü və xalqımızın təhlükəsizliyini etibarlı şəkildə qoruyacaqdır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçuları təbrik edir, Azərbaycan Ordusuna yeni uğurlar arzulayırıq
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı