PDF Oxu

Siyasət

  • 578

Müasir və güclü ordumuzun formalaşması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub

image

Hər bir müstəqil dövlətin gücü onun iqtisadi inkişafı, siyasi sabitliyi və beynəlxalq nüfuzu ilə yanaşı, həm də qüdrətli ordusunun mövcudluğu ilə ölçülür. Azərbaycan Respublikası Silahlı Qüvvələri də ölkəmizin müstəqilliyinin, dövlətçiliyinin və ərazi bütövlüyünün ən mühüm təminatçılarından biridir. Bu gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər saldıqda aydın görünür ki, müasir və güclü ordumuzun formalaşması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuş, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə isə yeni zirvələrə yüksəlmişdir.

Azərbaycan Respublikasında Silahlı Qüvvələr Gününün qeyd olunması Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə təsbit edilmişdir. Həmin fərmana əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuşdur. Bu tarix ölkəmizdə milli ordu quruculuğunun inkişaf yolunu və Azərbaycan əsgərinin şərəfli xidmətlərini özündə əks etdirən əlamətdar gün kimi qeyd edilir.
Azərbaycanın milli ordu quruculuğunun təməli məhz Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə qoyulmuşdur. 1990-cı illərin əvvəllərində ölkənin mürəkkəb siyasi və hərbi vəziyyətdə olduğu bir zamanda Ulu Öndər milli dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi ilə yanaşı, güclü ordu quruculuğuna da xüsusi diqqət yetirmişdir. 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması, 1992-ci il sentyabrın 19-da “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” qərarın qəbul edilməsi və həmin ilin oktyabr ayında Naxçıvan şəhərində ilk hərbi paradın keçirilməsi milli ordunun formalaşması istiqamətində atılmış mühüm addımlar idi.
1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli hərbi birləşmələrdən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqadanın yaradılması isə Azərbaycanın gələcək ordu quruculuğu tarixində xüsusi yer tutdu. Bu hadisələr sonralar müstəqil Azərbaycanın peşəkar və nizami ordusunun formalaşması üçün möhkəm zəmin yaratdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da köklü islahatlara başladı. Həmin dövrdə Azərbaycanda vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin formalaşdırılması təmin edildi, ordunun maddi-texniki bazası gücləndirildi və peşəkar hərbi kadr hazırlığına xüsusi diqqət ayrıldı. Ulu Öndərin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində müasir ordu modelinə uyğun inkişaf etməyə başladı.
Dahi rəhbərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, yeni hərbi hissələrin və təlim mərkəzlərinin yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Ordumuz dünyanın ən müasir silah və hərbi texnologiyaları ilə təchiz olunmuş, şəxsi heyətin peşəkarlığı və döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndərin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın xilası və gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyırdı. Üçrəngli dövlət bayrağının qəbul edilməsi, milli dövlətçilik atributlarının bərpası və milli ordu quruculuğuna başlanılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsinə xidmət edən tarixi addımlar idi.
Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildi. Azərbaycan əsgəri və zabiti yüksək döyüş hazırlığı, vətənpərvərlik ruhu və qəhrəmanlığı sayəsində düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamlarını yararaq tarixi Zəfərə imza atdı.
44 gün davam edən Vətən müharibəsi nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və digər yaşayış məntəqələri işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici uğur əldə olundu. Şuşa şəhərinin azad edilməsi isə Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Azərbaycan Ordusunun nümayiş etdirdiyi peşəkarlıq, müasir döyüş taktikaları və yüksək mənəvi ruh beynəlxalq hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirildi.
Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış bütün əraziləri üzərində dövlət suverenliyini tam təmin etdi. Bununla da xalqımızın onilliklər boyu davam edən haqq mübarizəsi qələbə ilə başa çatdı.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Ordumuz müasir hərbi texnika, peşəkar zabit heyəti və yüksək döyüş hazırlığı ilə dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Azərbaycan əsgəri hər zaman Vətənə sədaqət, xalqına bağlılıq və dövlətinə xidmət nümunəsi göstərir.
Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, müharibə veteranlarını və hərbi qulluqçularını qürur hissi ilə yad edirik. Xalqımıza tarixi Zəfər sevincini yaşadan qəhrəman ordumuz bundan sonra da müstəqilliyimizin, dövlətçiliyimizin və ərazi bütövlüyümüzün keşiyində ayıq-sayıq dayanacaqdır.
Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!” Bu müdrik fikir Azərbaycan Ordusunun dövlətimizin həyatındakı rolunu ən dolğun şəkildə ifadə edir. Güclü ordu güclü dövlət deməkdir və Azərbaycan Ordusu bu gün də xalqımızın qürur mənbəyi olaraq şərəfli missiyasını uğurla davam etdirir.

Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər