Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin olunması və ərazi bütövlüyünün qorunması məsələləri Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində həmişə xüsusi yer tutmuşdur. Ümummilli Lider yaxşı bilirdi ki, müstəqil dövlətin mövcudluğu yalnız güclü iqtisadiyyat və sabit siyasi sistemlə deyil, həm də qüdrətli ordu ilə təmin olunur. Məhz buna görə də Azərbaycan Ordusunun yaradılması və inkişaf etdirilməsi dövlət quruculuğu siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilmişdir.
Heydər Əliyev ordunu yalnız hərbi qüvvə kimi deyil, dövlət müstəqilliyinin, milli təhlükəsizliyin və xalqın gələcəyinin təminatçısı kimi qiymətləndirirdi. Onun “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir” fikri Azərbaycan dövlətçiliyi baxımından olduqca böyük əhəmiyyət daşıyır. Dövlət atributları sırasında bayraq, gerb və himn necə mühüm yer tutursa, ordu da dövlətin suverenliyini qoruyan ən vacib dayaqlardan biridir. Güclü ordu olmadan dövlətin müstəqilliyini uzun müddət qoruyub saxlamaq mümkün deyil.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, daxildəki siyasi böhran və nizamsız silahlı birləşmələrin mövcudluğu ordu quruculuğu prosesini çətinləşdirirdi. Həmin dövrdə ölkədə vahid komandanlıq sistemi formalaşmamış, orduda ciddi nizam-intizam problemləri yaranmışdı. Bu vəziyyət Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdid yaradırdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, nizami ordu quruculuğunu da prioritet vəzifə kimi müəyyənləşdirdi. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkədə vahid komandanlıq prinsipi yaradıldı, nizamsız silahlı dəstələr ləğv edildi və peşəkar ordu formalaşdırılmağa başlandı. Heydər Əliyevin qeyd etdiyi kimi, “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.”
Bu sözlər həmin dövrün reallıqlarını tam əks etdirir. Qısa müddət ərzində Azərbaycan Ordusunda idarəetmə sistemi təkmilləşdirildi, hərbi hissələrin döyüş qabiliyyəti artırıldı, zabit hazırlığı gücləndirildi və hərbi intizam möhkəmləndirildi. Ordunun maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığı genişləndirildi, müasir silah və texnikaların əldə olunmasına başlanıldı. Bütün bunlar gələcək uğurların möhkəm təməlini formalaşdırdı.
Heydər Əliyevin ordu ilə bağlı baxışlarının əsasını sülhsevərlik və müdafiə prinsipi təşkil edirdi. O bildirirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik.”
Bu fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasətinin mahiyyətini ifadə edir. Azərbaycan heç vaxt işğalçılıq siyasəti yürütməmiş, yalnız öz torpaqlarını müdafiə etmək və ərazi bütövlüyünü bərpa etmək məqsədi daşımışdır. Güclü ordunun yaradılması da məhz bu məqsədə xidmət etmişdir. Ulu Öndər hesab edirdi ki, dövlət müstəqilliyini qorumaq və gələcək nəsillərə ötürmək üçün hər zaman güclü silahlı qüvvələrə malik olmaq zəruridir.
Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ordunun modernləşdirilməsi, hərbi büdcənin artırılması, ən müasir silah sistemlərinin alınması və peşəkar kadr hazırlığının gücləndirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilmişdir. Bu inkişafın ən parlaq nəticəsi 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər oldu. Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli ordu quruculuğu siyasətinin uğurlu nəticəsi kimi tarixə yazıldı.
Bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına, güclü texniki təchizata və peşəkar şəxsi heyətə malikdir. Ordumuz beynəlxalq sülhməramlı missiyalarda iştirak edir, regionda sabitliyin və təhlükəsizliyin qorunmasına öz töhfəsini verir. Azərbaycan əsgəri və zabiti vətənpərvərlik, dövlətə sədaqət və yüksək mənəvi keyfiyyətlərlə seçilir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun yaradılması və inkişafı sahəsində xidmətləri müstəsna əhəmiyyət daşıyır. Onun uzaqgörən siyasəti nəticəsində formalaşan nizami ordu bu gün dövlətimizin müstəqilliyinin, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün ən etibarlı təminatçısıdır. Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Azərbaycan Ordusunun daha da güclənməsinə və dövlətimizin qüdrətinin artmasına xidmət edir. Azərbaycanın güclü ordusu isə xalqımızın qürur mənbəyi olmaqla yanaşı, dövlətimizin gələcək inkişafının və təhlükəsizliyinin əsas zəmanəti olaraq qalır.
Xədicə Hüseynzadə
YAP Babək rayon təşkilatının fəal üzvü