Tarixdən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Azərbaycan korpusu yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundu. Hərb sahəsində ilk uğur sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçilər repressiyaya məruz qaldı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələrinin müasir dövrdə də qorunub və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ulu Öndərin rəhbərliyi altında Milli Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Xaricdən və eləcə də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Lakin Ulu Öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Bu məktəblərdə yetişən cəsur Azərbaycan hərbçiləri birinci və ikinci Qarabağ müharibələrində misilsiz igidliklər göstərmişlər. Əlbəttə ki, bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusu cəbhədə, Azərbaycan diplomatiyası isə masada faktiki olaraq bir neçə il öncə heç kimin ağlına gətirmədiyini, inanılmaz olanı reallığa çevirdi.
Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Ulu Öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzu ən müasir silah və sursat, hərbi avadanlıqlarla təminatını Qələbə üçün başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu.
Azərbaycan NATO standartlarına uyğun hazırlanmış silahlı qüvvələri ilə Cənubi Qafqazın lider ölkəsidir. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin II Qarabağ müharibəsindəki imkanları onun keçmiş sovet coğrafiyasında ən güclü və döyüşə hazır ordulardan biri olduğunu təsdiqləyir. Azərbaycanın Qarabağda qələbə qazanmasına yol açan əsas amil, şübhəsiz ki, Ermənistan üzərində hərbi üstünlüyü idi.
Azərbaycan meydanda hərbi üstünlüyə malik idi. Erməni işğalçı ordusuna Qarabağda tutulan divan və Şuşanın azad edilməsi dünyanın hərb tarixinin şah əsəridir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusu ilə birlikdə dünyanın hərb tarixinə güclü və ən müasir orduların belə ağlına gəlməyən yeniliklər gətirdi. Şuşa qələbəsi Azərbaycanın döyüş brendine çevrildi. Bu qədim qala şəhərində aparılan ağlasığmaz döyüşlər ən qüdrətli dövlətlərin hərbi ekspertləri, məşhur alimləri və eyni zamanda NATO-nun ekspertləri tərəfindən diqqətlə araşdırılmaqdadır. Zəfər paradı həm də dünya ictimaiyyətinə hərbi gücün nümayişi kimi təqdim edilmişdi. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdi. Bu, dünyaya “Mən varam!”, “Biz varıq!” mesajı idi.
İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın Şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Azərbaycanın hərbi, diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük sevinc payı sülh və sabitlik əsasında gələcəyi qurmaq uğrunda cəsarətli addımlar atan xalqımıza məxsusdur. Qələbəmiz üçün torpaqlarımızın bütövlüyü naminə qurban gedən Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Müharibə başa çatandan sonra Prezident İlham Əliyevin sərəncamları ilə Milli Qəhrəman adına layiq görülənlər, orden-medallarla təltif olunanlar bu mükafatlara layiqdirlər. Müharibədə yaralananlara yüksək səviyyədə dövlət qayğısı göstərilir. Müharibə zamanı daim yanımızda olan Türkiyə dövləti qazilərimizin müalicəsində də qardaş yardımını əsirgəmir. Bu düzgün addımlar nəticəsində işğal altında olan vətən azad edildi, siyasi səylər nəticəsində bölgənin sülh və sabitlik adasına çevrilməsinə yönəlmiş səylər daha da sürətləndi. Azərbaycan və Türkiyənin müttəfiqliyi və bu iki ölkənin artan hərbi potensialı regionda sülhün və əmin-amanlığın ən böyük təminatıdır.
Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Cəsarətli ordu qüvvələrimizə uğurlara aparan yollarda Qələbələr arzulayıram.
Çinarə Səfərova,
Tarix elmləri üzrə fəlsəfə doktoru, ADAU-nun İctimai fənlər kafedrasının dosenti