PDF Oxu

Siyasət

  • 649

Qüdrətli ordumuz- Müstəqilliyimizin və zəfərimizin təminatçısı - ŞƏRH

image

Azərbaycan xalqının şanlı tarixində xüsusi yer tutan bayramlardan biri də 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur, Vətənimizin keşiyində dayanan əsgər və zabitlərimizə ehtiram göstərilir. Silahlı Qüvvələr Günü yalnız hərbçilərin peşə bayramı deyil, həm də dövlətimizin gücünü, xalqımızın birliyini və vətənpərvərlik ruhunu ifadə edən mühüm bir gündür.

Azərbaycan milli ordusunun yaranma tarixi 1918-ci il iyunun 26-na təsadüf edir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmış və bununla da milli ordumuzun əsası qoyulmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm addımlar atmış, milli ordu yaratmaqla müstəqil dövlətin əsas dayaqlarından birini formalaşdırmışdır.
Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra güclü və peşəkar ordunun yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Xüsusilə Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olundu. Orduda nizam-intizam gücləndirildi, hərbi hissələrin maddi-texniki bazası yaxşılaşdırıldı, peşəkar zabit kadrlarının hazırlanmasına xüsusi diqqət yetirildi. 1998-ci ildə imzalanmış fərmanla 26 İyun rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi və həmin vaxtdan etibarən bu tarix ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Sonrakı illərdə Azərbaycan Ordusunun inkişafı daha da sürətləndi. Ordumuz ən müasir silah və hərbi texnika ilə təchiz edildi, beynəlxalq təcrübəyə əsaslanan islahatlar həyata keçirildi. Hərbi təhsil müəssisələrinin fəaliyyəti genişləndirildi, əsgər və zabitlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasına və regionun ən güclü ordularından birinə çevrilməsinə şərait yaratdı.
Azərbaycan əsgəri hər zaman vətənpərvərlik, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərmişdir. Xalqımızın təhlükəsizliyi və dövlətimizin müstəqilliyinin qorunması naminə minlərlə hərbçi böyük xidmətlər göstərmiş, şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayır və gələcək nəsillərə vətən sevgisinin ən yüksək nümunəsi kimi ötürülür.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı bütün dünyaya nümayiş etdirildi. Cəmi 44 gün davam edən Vətən müharibəsində ordumuz böyük qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi uğur qazandı. Bu Zəfər xalqımızın milli birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun yüksək döyüş hazırlığının nəticəsi idi. Azərbaycan əsgəri döyüş meydanında göstərdiyi şücaətlə tarix yazdı və xalqımıza böyük qələbə sevincini yaşatdı.
Bu gün Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Ordumuzun güclənməsi dövlətimizin qüdrətinin göstəricisidir. Hər bir Azərbaycan vətəndaşı ordumuzla fəxr edir, onun uğurlarını öz uğuru hesab edir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da Silahlı Qüvvələrimizin xüsusi rolu vardır.

Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər