Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi yolunda atılan ən mühüm addımlardan biri güclü milli ordunun yaradılması olmuşdur. Müstəqilliyin ilk illərində ölkəmiz mürəkkəb ictimai-siyasi vəziyyətlə, xarici təcavüz və daxili qarşıdurmalarla üzləşmişdi. Belə bir şəraitdə güclü və nizami ordunun formalaşdırılması dövlətçilik baxımından həyati əhəmiyyət daşıyırdı.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunması və dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin dövrdən başlayaraq ordu quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirildi. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti dayandırıldı, vahid komandanlıq sistemi yaradıldı və Silahlı Qüvvələrin idarə olunması mərkəzləşdirildi. Nəticədə qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.
Milli Ordunun inkişafı sonrakı illərdə də uğurla davam etdirildi. Ordunun maddi-texniki bazası gücləndirildi, hərbi hissələr müasir silah və texnika ilə təchiz edildi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində mühüm tədbirlər görüldü. Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların xidmət şəraitinin yaxşılaşdırılması da dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu. Müdafiə qabiliyyətinin artırılması, müasir hərbi texnologiyaların tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və peşəkar kadr hazırlığı nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimiz böyük şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdilər. Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və ordumuzun peşəkarlığının parlaq təzahürü oldu.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi. Bu uğur bir daha göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnika ilə təchiz olunmuş, yüksək döyüş hazırlığına malik, möhkəm nizam-intizamı və vətənpərvərlik ruhu ilə seçilən qüdrətli bir ordudur. Ordumuz dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı, xalqımızın qürur mənbəyi və müstəqilliyimizin əsas dayaqlarından biridir.
Hər bir Azərbaycan vətəndaşı Milli Ordumuzun keçdiyi şərəfli inkişaf yolunu yüksək qiymətləndirir və onun uğurları ilə fəxr edir.
Sevil Hacıyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı