PDF Oxu

Siyasət

  • 1 054

Heydər Əliyev ideyalarından Zəfər zirvəsinə: güclü Azərbaycan Ordusunun şanlı yolu

image

Azərbaycan xalqının qürur mənbəyi olan Silahlı Qüvvələrimiz bu gün regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Hər il 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü böyük ehtiramla qeyd olunur, ordumuzun keçdiyi şərəfli yol və qazandığı tarixi nailiyyətlər bir daha xatırlanır.

Müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu sahəsində əsaslı islahatlara start verdi, nizami və peşəkar ordunun yaradılması istiqamətində mühüm addımlar atdı. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildi.

Bu gün Ulu Öndərin siyasi kursu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz olunmuş, döyüş qabiliyyəti daha da yüksəlmiş, peşəkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Ordumuzun beynəlxalq reytinqlərdə ön sıralarda yer alması da bunun bariz göstəricisidir.

Azərbaycan Ordusunun gücü və qüdrəti 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək xalqımıza böyük Zəfər bəxş etdi. Bu tarixi qələbə Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Sonrakı dövrdə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi və Azərbaycan bayrağı bütün ərazilərimizdə qürurla dalğalanmağa başladı.

Bu gün Azərbaycan əsgəri yüksək vətənpərvərlik ruhuna, güclü hazırlığa və sarsılmaz döyüş əzminə malikdir. Ordumuzun əldə etdiyi uğurlar xalq–ordu birliyinin, dövlət rəhbərliyinin diqqət və qayğısının, eləcə də şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının nəticəsidir.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı, müharibə veteranlarını, şəhid ailələrini və qazilərimizi dərin ehtiramla salamlayır, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Güclü ordu güclü dövlətin təməlidir. Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!

Böyükağa Axundov

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşı

Digər xəbərlər