PDF Oxu

Siyasət

  • 1 261

"Azərbaycan Ordusu dövlətimizin gücünün və müstəqilliyinin etibarlı təminatçısıdır" - TARİXÇİ DANIŞDI

image

"26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yer tutan əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan mübarizənin, milli ordu quruculuğunun şanlı salnaməsinin təcəssümüdür".Bu fikirləri SİA-ya açıqlamasında, AMEA A.A.bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı bildirib.Onun sözlərinə görə, Azərbaycan milli ordusunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qoyulmuşdur:"Həmin dövrdə mürəkkəb beynəlxalq və daxili siyasi şəraitdə fəaliyyət göstərən gənc Azərbaycan dövləti milli təhlükəsizliyin təmin olunmasının yalnız güclü ordu vasitəsilə mümkün olduğunu dərk edərək ilk nizami hərbi hissələrin yaradılmasına başlamışdır. Bu qərar Azərbaycan hərb tarixində dönüş nöqtəsi olmaqla yanaşı, müasir Silahlı Qüvvələrimizin formalaşmasının da əsasını təşkil etmişdir.Lakin sovet hakimiyyəti illərində milli ordu quruculuğu prosesi dayandırılmış, Azərbaycan xalqı uzun müddət öz müstəqil silahlı qüvvələrindən məhrum qalmışdır. Yalnız dövlət müstəqilliyinin bərpasından sonra milli ordu quruculuğu yenidən gündəmə gəlmişdir. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə, nizami hərbi sistemin olmaması və peşəkar kadr çatışmazlığı Azərbaycan Ordusunun formalaşmasına ciddi maneələr yaradırdı. Bunun ağır nəticələri isə Birinci Qarabağ müharibəsində özünü göstərmişdir.1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilası ilə yanaşı, milli ordu quruculuğunu da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Məhz onun rəhbərliyi altında ordu quruculuğunda sistemli islahatlara başlanıldı, vahid komandanlıq prinsipi təmin edildi, nizami hərbi hissələr yaradıldı, hərbi təhsil sistemi inkişaf etdirildi və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin "Güclü dövlətin güclü ordusu olmalıdır" prinsipi sonrakı illərdə Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətinə çevrildi.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə isə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Müdafiə sənayesinin yaradılması, müasir silah və texnikaların alınması, hərbi infrastrukturun yenilənməsi, peşəkar zabit korpusunun formalaşdırılması və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrildi.Azərbaycan Ordusunun gücü və peşəkarlığı xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində özünü bütün dünyaya nümayiş etdirdi. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi, beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biri kimi yadda qaldı. Vətən müharibəsində qazanılan Zəfər yalnız hərbi qələbə deyil, həm də dövlətçilik iradəsinin, xalq-ordu birliyinin və uzun illər ərzində həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasətinin məntiqi nəticəsi idi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin olunması ilə nəticələndi.Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının əsas təminatçısıdır. Ordumuzun əldə etdiyi uğurlar hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Silahlı Qüvvələr Günü münasibətilə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir, Vətənimizin keşiyində dayanan bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edirik. Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, dövlətimizin qüdrət rəmzi və müstəqilliyimizin əbədi təminatçısıdır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər