PDF Oxu

Siyasət

  • 825

Rəşadətli ordu

image

23 iyun 2026-cı il tarixdə YAP Masallı rayon təşkilatı yeyənkənd ərazi partiya təşkilatında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə “Rəşadətli ordu” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seyfəddin Əliyev 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsində ən parlaq səhifələrdən biridir. Bu tarix təkcə təqvimdəki rəqəm deyil, o, müstəqilliyimizin, suverenliyimizin və milli qürurumuzun canlı simvoludur. Hər il iyunun 26-da biz keçdiyimiz şərəfli yola nəzər salır, bugünkü ordumuzun gücü ilə fəxr edir və gələcəyə inamla baxırıq. “Azərbaycanın müntəzəm hərbi sisteminin formalaşması şanlı 1918-ci ilə, Şərqin ilk demokratik respublikasının qurulduğu dövrə təsadüf edir. Müstəqil ölkənin toxunulmazlığını təmin etmək məqsədilə həmin ilin 26 iyun tarixində ilk rəsmi hərbi birləşmə olan Əlahiddə Azərbaycan Korpusunun əsası qoyuldu. Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski və Cəmşid Naxçıvanski kimi uzaqgörən sərkərdələr peşəkar ordunun qurulmasında silinməz izlər qoydular. Təəssüf ki, respublikanın süqutu və 1920-ci ilin aprelində baş verən sovet işğalı bu tarixi hərbi qüvvənin fəaliyyətinə son qoydu və xalqımız uzun onilliklər boyu özünümüdafiə ordusundan məhrum qaldı.”

Seyfəddin Əliyev qeyd etdi ki, 1991-ci ildə dövlət müstəqilliyimizin yenidən qazanılması ilə milli hərbi sistemin bərpası prosesinə start verildi. Lakin ilkin mərhələ olduqca mürəkkəb və sınaq dolu bir dövrə təsadüf etdi – Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın geniş bir hissəsi nəzarətdən çıxmışdı. Yenicə formalaşan hərbi qüvvələr həm peşəkar təcrübə, həm də maddi-texniki təchizat cəhətdən ciddi çətinliklərlə qarşı-qarşıya idi. Bu böhranlı vəziyyətdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ordu quruculuğunda dönüş nöqtəsi oldu. Onun rəhbərliyi altında hərbi sahəyə dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi kəskin artırıldı, ixtisaslı hərbi kadrların yetişdirilməsi prioritet istiqamətə çevrildi. Ümummilli Liderin 1998-ci ildə imzaladığı tarixi fərmanla 26 iyun tarixi rəsmi olaraq Silahlı Qüvvələr Günü kimi təsbit olundu. Bu mühüm addım həm keçmişimizin şanlı irsinə ehtiramın, həm də gələcək qüdrətli orduya olan inamın rəmzi idi. Sədr bildirdi ki, Ulu Öndərin əsasını qoyduğu bu uzaqgörən hərbi strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvəsinə ucaldı. Həyata keçirilən köklü islahatlar, ordunun ən müasir silah və hərbi texnika ilə təchiz edilməsi, eləcə də şəxsi heyətin döyüş hazırlığının artırılması Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına daxil etdi. Bu rəşadətli ordu öz tarixi missiyasını 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində şərəflə yerinə yetirdi. Otuz illik torpaq həsrətinə son qoyan rəşadətli əsgər və zabitlərimiz canları və qanları bahasına Qarabağı düşmən tapdağından azad edərək xalqımıza böyük Zəfər bəxş etdilər. “Ordumuzun qəhrəmanlıq salnaməsi bununla bitmədi; 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror tədbirləri nəticəsində separatizmin kökü birdəfəlik kəsildi və ölkəmizin bütün ərazilərində Azərbaycanın suverenliyi tam təmin olundu. Bu gün Xankəndidə, Şuşada, Xocalıda və digər azad olunmuş torpaqlarımızda qürurla dalğalanan üçrəngli bayrağımız 1918-ci ildə təməli qoyulan, bu gün isə regionun ən qüdrətli hərbi qüvvəsinə çevrilən Azərbaycan Ordusunun sarsılmaz gücünün ən bariz sübutudur”.

Tədbirdə Yeyənkənd ərazi partiya təşkilatının sədri Ramiz Əlinağıyev, partiya veteranı Tofiq Hüseynov və başqalarının çıxışlarında qeyd edildi ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Vurğulanıb ki, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı.

Digər xəbərlər