Hər il 26 iyun tarixində Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının milli ordusuna, onun şanlı tarixinə, dövlət müstəqilliyinin qorunmasında göstərdiyi xidmətlərə verilən yüksək dəyərin ifadəsidir. Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Lakin bu səviyyəyə çatmaq üçün ölkəmiz mürəkkəb və çətin inkişaf yolu keçmişdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ağır siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarda genişmiqyaslı döyüşlər gedirdi. Eyni zamanda ölkə daxilində siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə, iqtisadi böhran və separatçı meyllər dövlətçiliyin əsaslarını sarsıdırdı. 1992–1993-cü illərdə vahid komandanlıq sisteminin olmaması, nizami ordunun tam formalaşmaması və müxtəlif silahlı dəstələrin fəaliyyət göstərməsi ölkənin müdafiə qabiliyyətinə ciddi zərbə vururdu. Həmin dövrdə Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin iyun hadisələri ölkədə vəziyyəti daha da gərginləşdirmiş, vətəndaş qarşıdurması təhlükəsini artırmışdı.
Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpa olunmasında və dövlətçiliyin qorunmasında həlledici rol oynadı. Məhz bundan sonra ordu quruculuğu sahəsində sistemli islahatlara başlanıldı, silahlı qüvvələrin vahid komandanlıq altında fəaliyyət göstərməsi təmin edildi və nizami ordu quruculuğunun əsası qoyuldu. Ulu Öndər deyirdi: “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir”. Bu dərin məzmunlu fikir Azərbaycan Ordusunun fəaliyyət fəlsəfəsini özündə əks etdirir. Məhz xalqın dəstəyi, vətənpərvərlik ruhu və dövlət-xalq-ordu birliyi sayəsində Azərbaycan Silahlı Qüvvələri güclənmiş, ölkənin təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısına çevrilmişdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi 1918-ci ilin 26 iyununa təsadüf edir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli hərbi hissələrin yaradılması haqqında qərar qəbul edilmişdir. Müstəqillik bərpa olunduqdan sonra bu tarix Silahlı Qüvvələr Günü kimi qeyd edilməyə başlanmışdır. 1990-cı illərin ikinci yarısından etibarən Azərbaycan Ordusunda genişmiqyaslı islahatlar həyata keçirildi. Hərbi hissələrin döyüş hazırlığı artırıldı, şəxsi heyətin sosial müdafiəsi gücləndirildi, müasir silah və texnikaların alınmasına başlanıldı. Dövlət büdcəsində müdafiə xərclərinin artırılması ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə imkan yaratdı.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycanın iqtisadi imkanlarının artması müdafiə sahəsinə böyük investisiyaların yönəldilməsinə şərait yaratdı. Nəticədə Azərbaycan Ordusu müasir silahlarla təchiz olundu, peşəkar kadr hazırlığı sistemi təkmilləşdirildi və hərbi idarəetmə mexanizmləri yeniləndi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ordumuzun şanlı qələbəsini yüksək qiymətləndirərək demişdir: “Biz bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi”. Bu fikirlər Azərbaycan xalqının keçdiyi şərəfli yolu, dövlətimizin gücünü və Ordumuzun qazandığı tarixi nailiyyətləri əks etdirir. Bu gün Azərbaycan Silahlı Qüvvələri müasir silah və texnika, peşəkar hərbi kadrlar, yüksək mənəvi-psixoloji hazırlıq və zəngin döyüş təcrübəsi ilə regionun ən güclü ordularından biri kimi çıxış edir. Ordumuzun əldə etdiyi uğurlar gələcək nəsillər üçün qürur mənbəyi olmaqla yanaşı, dövlətimizin müstəqilliyinin və təhlükəsizliyinin etibarlı təminatıdır.
Müasir dövrdə Azərbaycan Silahlı Qüvvələrinin inkişafında əsas istiqamətlərdən biri beynəlxalq standartların tətbiqidir. Bu məqsədlə hərbi təhsil sistemi yenidən qurulmuş, komanda-idarəetmə strukturları müasirləşdirilmiş və döyüş hazırlığı proqramları qabaqcıl təcrübələr əsasında formalaşdırılmışdır. Azərbaycan müxtəlif beynəlxalq hərbi əməkdaşlıq proqramlarında fəal iştirak edir. Xüsusilə NATO ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən proqramlar ordunun peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, hərbi idarəetmənin təkmilləşdirilməsinə və müasir döyüş taktikalarının mənimsənilməsinə mühüm töhfə vermişdir.
Beynəlxalq standartlara uyğunlaşdırma çərçivəsində peşəkar zabit və gizir korpusunun hazırlanıb, müasir komanda-idarəetmə sistemləri tətbiq edilib, rəqəmsal və informasiya texnologiyalarının hərbi sahəyə inteqrasiya olunub, xüsusi təyinatlı qüvvələr inkişaf edib, hərbi təlim və manevrlərin beynəlxalq standartlara uyğun keçirilib və kiber təhlükəsizlik və elektron müharibə imkanlarının genişləndirilib. Bu islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəlməsinə və regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilməsinə şərait yaratmışdır.
Müstəqil dövlətin güclü ordusu ilə yanaşı, inkişaf etmiş müdafiə sənayesinin olması da mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycanda hərbi sənaye kompleksinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ölkənin hərbi sənaye potensialının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Sonrakı illərdə müxtəlif təyinatlı hərbi məhsulların istehsalına başlanıldı. Azərbaycanda atıcı silahlar, sursatlar, pilotsuz uçuş aparatları, optik cihazlar, xüsusi texnika və digər müdafiə məhsulları istehsal edilir. Müasir dövrdə Azərbaycan müdafiə sənayesi yerli istehsalın artırılması ilə yanaşı, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Azərbaycan Ordusunun müasirləşdirilməsi prosesində qardaş Türkiyə Respublikası ilə hərbi əməkdaşlıq xüsusi yer tutur. Son illərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatların mühüm hissəsi Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında formalaşdırılmışdır. Komanda-idarəetmə sistemi, hərbi təhsil, şəxsi heyətin hazırlığı, döyüş planlaşdırılması və əməliyyat idarəçiliyi sahələrində Türkiyə modeli nümunə kimi götürülmüşdür. İki qardaş ölkə arasında mütəmadi olaraq birgə hərbi təlimlər keçirilir, zabit və kursantların hazırlığı sahəsində əməkdaşlıq genişləndirilir. Türkiyə hərbi təhsil müəssisələrində təhsil alan azərbaycanlı hərbçilər müasir hərb sənətinin incəliklərinə yiyələnərək ordumuzun peşəkar kadr potensialının gücləndirilməsinə töhfə verirlər.
Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri Pakistan İslam Respublikasıdır. Azərbaycan və Pakistan arasında münasibətlər qarşılıqlı hörmətə, dostluğa və strateji əməkdaşlığa əsaslanır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş və ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləmişdir. Hərbi əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin əsas istiqamətlərindən biridir. Azərbaycan və Pakistan silahlı qüvvələri arasında təcrübə mübadiləsi həyata keçirilir, birgə hərbi təlimlər təşkil olunur, müdafiə sənayesi və hərbi təhsil sahələrində əməkdaşlıq inkişaf etdirilir. Pakistanın zəngin hərbi təcrübəsi Azərbaycan Ordusunun peşəkarlığının artırılmasına əlavə imkanlar yaradır. Eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşmış üçtərəfli əməkdaşlıq mexanizmi regional təhlükəsizlik və strateji tərəfdaşlığın mühüm nümunələrindən biridir. Bu əməkdaşlıq siyasi, iqtisadi və hərbi sahələri əhatə etməklə yanaşı, dost və qardaş xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun son illərdə keçdiyi inkişaf yolunu bütün dünyaya nümayiş etdirdi. Müasir silahların, yüksək hazırlıqlı şəxsi heyətin, peşəkar idarəetmənin və milli birliyin vəhdəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Bu tarixi qələbə göstərdi ki, illər boyu həyata keçirilən ordu quruculuğu siyasəti öz bəhrəsini vermişdir. Azərbaycan Ordusu müasir müharibə şəraitində yüksək döyüş qabiliyyəti nümayiş etdirərək dünya hərb tarixində diqqət çəkən əməliyyatlar həyata keçirmişdir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü təkcə hərbçilərin peşə bayramı deyil, həm də dövlət müstəqilliyinin, milli təhlükəsizliyin və xalqın qürurunun təcəssümüdür. 90-cı illərin mürəkkəb və təhlükəli dövründən keçərək güclü və müasir ordu quruculuğuna nail olan Azərbaycan bu gün regionun aparıcı hərbi güclərindən biridir. Ordu quruculuğunun beynəlxalq standartlara uyğunlaşdırılması, hərbi sənaye kompleksinin inkişafı, peşəkar kadr hazırlığı və müasir texnologiyaların tətbiqi Azərbaycan Silahlı Qüvvələrinin gələcək inkişafının əsas istiqamətlərini təşkil edir. Güclü ordu isə hər bir dövlətin müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının ən mühüm təminatlarından biridir.
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri