Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri bu gün yeni məzmun və strateji əhəmiyyət qazanaraq daha da möhkəmlənir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin 22 iyun 2026-cı il tarixdə mətbuata verdiyi bəyanat Azərbaycan və Türkmənistan arasında əlaqələrin geniş perspektivlərini bir daha nümayiş etdirdi.
Dövlət başçısı cənab İlham Əliyev çıxışında ilk növbədə Qarabağın yenidən qurulması və bərpasına göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə və xüsusilə Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü ifadə etdi. Ötən il Füzuli şəhərinə səfəri zamanı məscid tikintisi təşəbbüsü ilə çıxış edən Qurbanqulu Berdiməhəmmədovun bu addımı qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi qiymətləndirildi. Artıq tikintisinə başlanılan məscid Türkmənistan xalqının Azərbaycan xalqına olan səmimi münasibətinin rəmzinə çevrilir. İki qardaş ölkə arasında əlaqələrin daha da yaxınlaşmasına səbəb olur
Ölkə başçısı vurğuladı ki, Azərbaycan və Türkmənistan arasındakı münasibətlər möhkəm tarixi köklərə, ortaq mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır. Son illər qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, yaradıcı kollektivlərin çıxışları və şəhərlər arasında qardaşlaşma əlaqələri xalqların bir-birinə yaxınlığını daha da gücləndirir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağ şəhərlərinin qardaş şəhərlər elan olunması əməkdaşlığın humanitar sahədə də uğurla inkişaf etdiyini göstərir.
Bəyanatda xüsusi diqqət çəkən məsələlərdən biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın göstərdiyi fəal dəstək oldu. Prezident İlham Əliyev bunu tarixi hadisə adlandıraraq qeyd etdi ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, ortaq tarixi, mədəni bağlar və mövcud nəqliyyat-logistika layihələri regionun vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşmasına xidmət edir.
Müasir dünyada etibarlı nəqliyyat dəhlizlərinin strateji əhəmiyyəti getdikcə artır. Bu baxımdan Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq təkcə iki ölkə üçün deyil, daha geniş region üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sözlərinə görə, siyasi qarşılıqlı etimad olmasaydı, coğrafi üstünlüklər belə mövcud potensialın reallaşdırılmasına imkan verməzdi. Bu gün isə tərəflər artan yük axınlarının daha da genişləndirilməsi və üçüncü ölkələrin yükdaşımalarının cəlb edilməsi istiqamətində fəaliyyətlərini əlaqələndirmək barədə razılığa gəliblər.
Bəyanatda vurğulanmışdır ki, enerji sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan və Türkmənistan qarşılıqlı faydalı layihələr vasitəsilə regional enerji təhlükəsizliyinə mühüm töhfələr vermək niyyətindədirlər.
Prezident İlham Əliyev, həmçinin qardaş Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirərək, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin və infrastruktur layihələrinin rəhbərliyin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğuladı. Azərbaycanın Türkmənistanın beynəlxalq arenadakı uğurlarına həmişə sevindiyini bildirən dövlət başçısı, Aşqabadın beynəlxalq səviyyədə böyük rəğbət qazanan neytrallıq siyasətinə bundan sonra da dəstəyin davam etdiriləcəyini bəyan etdi.
Beləliklə Azərbaycan–Türkmənistan münasibətləri yalnız dostluq və qardaşlıq prinsiplərinə deyil, eyni zamanda qarşılıqlı etimada, ortaq maraqlara və gələcəyə hesablanmış strateji əməkdaşlığa əsaslanır. İki qardaş dövlətin birgə səyləri regionda sabitliyin, iqtisadi inkişafın və qarşılıqlı rifahın möhkəmlənməsinə xidmət edən mühüm amillərdən biri olaraq qalır.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri