2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən təkbətək və geniş tərkibli görüşlərdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, bu səfər Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, eləcə də əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə xidmət edəcək.
Azərbaycan və Türkmənistan xalqları ortaq tarixi köklərə, dil və mədəniyyət birliyinə malikdir. Məhz bu amillər iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasını təmin edir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ölkələrimiz arasındakı əlaqələr tarixi bağlar, mədəni yaxınlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi siyasi dialoqun daha da dərinləşdiyini göstərir.
Mətbuata bəyanat zamanı dövlət başçısı enerji, nəqliyyat, ticarət, logistika və humanitar sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Xəzər regionunda yerləşən hər iki ölkə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında əlaqələrin genişlənməsi yalnız iki dövlət üçün deyil, bütövlükdə regionun iqtisadi inkişafı və təhlükəsizliyi üçün də əhəmiyyət daşıyır. Görüşlər zamanı əməkdaşlığın gələcək istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinə göstərdiyi dəstəyi də xüsusi qeyd edib. O, Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədov tərəfindən Füzuli şəhərində məscid tikintisi təşəbbüsünün qardaşlıq münasibətlərinin növbəti təzahürü olduğunu vurğulayıb. Bu addım iki xalq arasında mövcud olan mənəvi yaxınlığın və qarşılıqlı dəstəyin bariz nümunəsi kimi qiymətləndirilir.
Humanitar sahədə əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindən biridir. Son illərdə Azərbaycan və Türkmənistanda qarşılıqlı mədəniyyət günləri keçirilir, incəsənət kollektivlərinin çıxışları təşkil olunur, elm və təhsil sahələrində əlaqələr genişlənir. Bakı və Aşqabad, eləcə də Füzuli və Arkadağ şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması xalqlarımızın yaxınlığını daha da gücləndirir.
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan–Türkmənistan münasibətləri strateji tərəfdaşlıq, qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında uğurla inkişaf edir. İki ölkənin siyasi iradəsi və ortaq maraqları gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə, regionda sabitlik və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əsas yaradır.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi